Ukrayna uğrunda yeni çəkişmə başlanır

27 May 2014 08:23 (UTC+04:00)

Ukrayna xalqı növbəti 5 il üçün öz rəhbərini seçdi. Mayın 25-də Ukraynada keçirilən növbədənkənar prezident seçkilərində Ali Radanın üzvü, məşhur iş adamı, "şokolod kralı" kimi tanınan Pyotr Poroşenko seçkilərdə qalib gəldi. Qərb bu şəxslə işləməyə hazır olduğunu bildirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin hər hansı vasitəçiliyi olmadan Ukraynanın yeni prezidenti ilə birbaşa dialoqa hazır olduqlarını açıqlayıb: "Biz Kiyev nümayəndələri ilə, Poroşenko ilə dialoqa hazırıq". Danışıqlarda ABŞ və Avropa Birliyinin mümkün roluna toxunan nazir əlavə edib ki, hər hansı vasitəçiyə ehtiyac yoxdur. Bütün bunlar o deməkdir ki, UKrayna uğrunda Qərb və Rusiya çəkişməsi davam edəcək.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirdi ki, Pyotr Poroşenko siyasət meydanında yetişən biri deyil: "O, iş adamıdır. Onun düşüncə tərzi daha çox iş adamının düşüncə çərçivəsində formalaşıb. Belə bir çətin dövrdə Ukrayna kimi dövlətin prezidenti seçilməsi iqtisadi məsələlərini həll edilməsi, Ukraynanın ərazi bütövlüyünün qorunmsı, Rusiya ilə münasibətlərin hansı məcərda formalaşması və ABŞ, Avropa İttifaqı (Aİ) ilə necə münasibət qurması Pyotor Poroşenkonun gələcəyinin təminata alınması üçün əsas faktorlardır. Ukrayna Krımı itirdi. Şərq əyalətlərində də separatçılar "Yeni Rusiya"nın yaradılmasından danışırlar. Həm də Ukraynanın Şərqində hərbi əməliyyatlar, lokal atışmalar davam edir. Bu baxımda Pyotor Poroşenko hökumətinin bu məsələlərdə hansı siyasi xətt üzərində hərəkət edəcəyi hələlik məlum deyil. Görünən odur ki, Ukrayna hadisələrində Rusiya hələlik ABŞ və Avropadan bir addım irəlidədir. Xüsusi ilə Rusiyanın Çin ilə təbii qaz müqaviləsi imzaladıqdan sonra "Qazprom"un prezidenti Aleksey Millerin "belə müqavilələr Avropada küçələrdə tökülməyib" deməsi, onu göstərir ki, Ukrayna məsələsində Rusiyanın manevr sahəsi bir az daha genişlənib. Sahənin geniş qalması ABŞ-ın və Avropanın Ukraynayana münasibəti və Rusiyaya qarşı həyata keçirdiyi sanksiyaların nəticəsi ilə düz mütənasibdir. Ukrayna bu gün siyasi olaraq tükənmiş coğrafiyadır. Hələ də Ukraynanın Qərbində belə hakimiyyət uğrunda mübarizənin nüansları var. Bu baxımdan hökumətin necə siyasət həyata keçirəcəyi ölkənin dağılan iqtisadiyyatının və təhlükəsizliyinin necə qorunacağı haqqında indidən qəti fikir bildirmək bir az çətindir. Önümüzdəki günlərdə Rusiya ilə məsələnin hansı istiqamətdə həll edə biləcəyini görəcəyik. Çətin bir şəraitdə Pyotor Poroşenkonun hakimiyyətə gəlməsi Rusiya reallığını dərk edə bilməyəcək bir mövqedədir. Daha çox ABŞ və Aİ –nin təlqinləri ilə hərəkət etməyəcə məcbur ola bilər. Amma ABŞ və Aİ-nın Ukraynaya verəcəyi dəstəyin həcmi xüsusi əhəmiyyət daşıyır. Əgər bu günə qədər ABŞ və Aİ Ukrayana göstərdiyi zəif dəstəyi davam etdirəcəksə, Pyotor Poroşenkonun siyasi gələcəyi təhlükə qarşısında qala bilər".

Politoloq yeni prezident fonunda Azərbaycan-Ukrayna münasibətlərinə də toxundu: "Azərbaycan ilə Ukrayna münasibətlərində soyuqluq hiss olunmur. Azərbaycan beynəlxlq aləmdə Ukraynanı dəstəkləyən xarici siyasət həyata keçirir. Ukraynadakı hadisələr sovet coğrafiyasında yaşanan bir hadisə birbaşa olmasa da, region dövlətlərinə təsir edə bilər".

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirdi ki, Pyotor Poroşenko legitim prezidentdir: "Bu, o deməkdir ki, artıq Ukrayna bundan sonrakı dönəmdə yavaş-yavaş hakimiyyət böhranından çıxacaq. Pyotor Poroşenkonun bütün siyasi qüvvələrlə dil tapması, hətta Rusiya ilə də münasibətlərin tədricən düzəldilməsinə cəhdlər olacaq. Pyotor Poroşenkonun Avropa yönümlü siyasi kurs aparacağını düşünürəm. Ancaq çox güman ki, bu məsələlərdə Rusiya ilə də ortaq məxrəcə gəlməyə çalışacaq. Ukraynada bundan sonrakı hadisələr daha çox sakit məcaraya yönələcək".

Politoloq qeyd etdi ki, Ukraynada prezidentin kimliyindən asılı olmayaraq, Azərbaycan-Ukrayna münasibətləri həmişə yüksək səviyyədə olub: "Çünki, Ukrayna və Azərbaycan xalqlarının soy-kökündə, tarixində bağlılıqlar var. Bu iki ölkə bir-birinə hərbi, siyasi, iqtisdi cəhətdən həmişə dəstək verib. Bu baxımdan Pyotor Poroşenkonun seçilməsi Azərbaycan-Ukrayna münasibətlərini daha da inkişaf etdirəcək".