Prezident İlham Əliyev Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
27 May 2014 12:46 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət
küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə mayın
27-də ziyarət etmişdir.
Abidənin ətrafında fəxri qarovul dəstəsi
düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil
qoydu.
Azərbaycan Respublikasının dövlət himni
səsləndirildi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi
hadisə kimi daxil olmuşdur. Müstəqil, azad, demokratik respublika
qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti
cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu
özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu
nümayiş etdirmişdir.
1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş
"İstiqlal Bəyannaməsi"ndən - "Əqdnamə"dən də göründüyü kimi, bu
möhtəşəm tarix xalqımızın müstəqillik amalını daha da
gücləndirmişdir.
XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan
Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarmışdır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması
üçün qətiyyətli tədbirlər görmüş, ölkədə davamlı ictimai-siyasi
sabitliyi bərqərar etmişdir. Ulu öndər Heydər Əliyevin şah əsəri
olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna
qədəm qoymuşdur.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan
Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan
müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin
başlanğıcını qoymuşdur. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin
yarandığı bu şərəfli tarixi - 28 Mayı Respublika Günü kimi qeyd
edir.