Regionlarda yol hərəkəti iştirakçılarına reflektiv materiallar paylanır

27 May 2014 13:19 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə"Həyat" Beynəlxalq Humanitar Təşkilatı və EASST (Təhlükəsiz və Davamlı Yollar üçün Şərq Aliyansı) tərəfindən icra olunan "Təhlükəsiz Kəndlər" layihəsi davam etməkdədir. Movqe.az xəbər verir ki, layihə Azərbaycanın Biləsuvar, İmişli, Beyləqan, Bərdə və Ağcabədi rayonlarında regional yolun üzərində yerləşən kəndlərdə həyata keçirilir. Hədəf nöqtələri kimi seçilən, Bəhramtəpə qəsəbəsi, Eyvazallar, Hacıəlili, Nərimankənd, Xocavənd, kəndlərində məktəblilər və kənd icmaları ilə görüşlər keçirilir, onların yol təhlükəsizliyi sahəsində bilikləri artırılır və onlara işıq əks etdirən jiletlər, heyvanların təhlükəsizliyini təmin etmək üçün onlara xüsusi reflektiv boyunluq paylanılır. Bundan əlavə uşaqlar və piyadalar üçün sual cavablar əks etdirən bukletlər onların biliklərinin artırılmasında xüsusi rol oynamaqdadır. Layihənin diqqətcəkici xüsusi bir məqamı isə İmişlidə yerləşən yeni salınmış Məcburi Köçkün şəhərciyində maarifləndirmə oldu. Füzuli və Cəbrayıl rayonlarından olan məcburi köçkün icması layihənin əhəmiyyətindən və yol kənarında yerləşən şəhərciyin uşaqlar və piyadalar üçün təhlükəli olduğundan danışdılar.

"Həyat" ilk dəfə olaraq regional yollarla bağlı yüksək keyfiyyətli reflektiv materialların paylanışını həyata keçirir. Dünya praktikasında yol təhlükəsizliyini təmin olunması üçün geyimlərdə işıq əks etdirən elementin işlənməsinə tez-tez rast gəlinir. Piyadalar, velosiped sürənlər, məktəblilər yollarda öz təhlükəsizliklərini təmin etmək məqsədilə bu cür fosforlu elementlərdən çox istifadə edirlər. Layihənin digər bir məqsədi də Azərbaycanda reflektiv geyimlərin daha çox tətbiq olunmasına nail olmaqdır. Bir çox ölkələr hətta işıq əks etdirən parçaları dəb halına gətirərək geyimlərinin çox kiçik bir hissəsində olsa belə bunu istifadə edirlər. Xüsusən nəzərinizə çatdıraq ki, Azərbaycanın regionlarında nəinki insanların eyni zamanda onların ev heyvanlarının da işıq əks etdirən əşyalara ehtiyacı vardır. Məlumdur ki, Azərbaycan aqrar ölkədir və kəndlilərin bir çoxu təsərrüfat sahibidir. Onlar çoxlu mal-qaraya, at, it və s. heyvanlara sahibdirlər. Məsələn, heyvanlar gün batana yaxın örüşdən qayıdırlar, yaxud at arabaları günün istənilən saatı yolun kənarı ilə hərəkət edir hansı ki, onların yolda görünməsini təmin edən hər hansı bir şey yoxdur. Bunu nəzərə alaraq layihə çərçivəsində işıq əks etdirən materialdan heyvanların boynundan asmaq üçün xüsusi kəmər hazırlanmış və kəndlərdə təsərrüfat sahiblərinə paylanılmışdır.