Milli Məclis “İctimai televiziya və radio yayımı haqqında” Qanuna dəyişikliklər edib

29 İyun 2012 16:16 (UTC+04:00)
Azərbaycan Milli Məclisi "İctimai televiziya və radio yayımı haqqında" Qanuna dəyişikliklər edib. APA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, qanuna 11 dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, ictimai yayım proqramlarından "seriallar" sözü çıxarılıb. Yeni varianta əsasən dünya ölkələrinin ən yaxşı sənədli, bədii və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və Azərbaycan dilində subtitrlərlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.

Qanuna edilmiş digər əlavəyə əsasən İctimai Televiziyanın Yayım Şurasının səlahiyyətləri də artırılıb. Şuraya texniki avadanlıqlarını və yayımın keyfiyyət standartlarını müəyyənləşdirmək səlahiyyəti verilib.

İctimai yayım xidmətinin maliyyələşmə mənbələrinə abonent haqqından daxil olmalarla yanaşı dövlət büdcəsindən ayırmalar da daxil edilib.

Qanun layihəsinə dəyişikliklər səsə qoyularaq qəbul edilib.