Banka 3000 manat kredit borcu olan 49 yaşlı qadın əfvə düşdü-FOTOLAR

27 May 2014 17:06 (UTC+04:00)

Bu gün Ədliyyə  Nazirliyinin  Penitensiar  Xidmətinin  4  saylı  Cəzaçəkmə müəssisəsində ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrası başa çatıb. Tədbirdə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin rəis müavini Əlixan Hüseynov, Xidmətin mətbuat katibi Yaşar İsakov da iştirak ediblər. Movqe.az-ın əməkdaşı Penitensiar Xidmətin müəssisələrində əfv sərəncamının icrası prosesinin gedişini izləyib.  4  saylı  Cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan məhkumlardan biri 49 yaşlı İbrahimova Kəklik Çoban qızı olub. Cinayət  Məcəlləsinin 178-ci maddəsi ilə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilən K. İbrahimova movqe.az-a azadlığa çıxmasının sevincini bölüşüb: "Ölkə başçımıza minnətdarlığımı bildirirəm. Eləcə də bu cəzaçəkmə müəssisəsinin rəhbərliyinə minnətdaram. Allah heç bir qadına həbsxana həyatı qismət eləməsin. Məni azadlığa qovuşdurduğuna görə  ölkə başçısına minnətdaram".

K.İbrahimova onun 1 il 7 aydır ki, dəmir barmaqlıqlar arasında qalmasına  səbəb olan əməlindən də danışıb: "Mənim Dəmir Bank-a 3000 manat kredit borcum vardı. Ona görə, dələduzluq maddəsi ilə iş açıb  2 il 10 ay həbs kəsdilər. Kredit borcum ödənilib. Əməlimə görə peşimanam. Amma niyyətim bankı aldatmaq deyildi. Mənim imkanım yox idi pulu qaytarmağa. Bu gün şükr azadlıqdayam. Ölkə başçısına bizi bağışladığına görə minnətdaram".

Bərdə rayon sakini K. İbrahimova azadlığa çıxdıqdan sonra qayıtmağa öz yuvası olmasa da atasının yurduna dönəcəyini söyləyib: "Mən ailə qurmamışam. Özümün ailəm yoxdur. Ona görə də ata yurduma gedəcəm".

Movqe.az-ın əməkdaşının diqqətindən Kəklik İbrahimovanı azadlığa çıxdıqdan sonra qarşılayan kimsəsinin olmadığı da yayınmayıb: "Məni azadlıqda qarşılamağa kimsə gəlməsə də vağzala gedib ordan evimizə yollanacam". Cəzaçəkmə müəssisəsindən çıxan K. İbrahimova əlində iri çantalarla Dəmiryol vağzalına istiqamət  alıb. 

Qeyd edək ki ölkə başçısının əfv sərəncamı ümumilikdə 175 məhkuma şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan, 11 nəfər isə cərimə cəzasından azad edilib. Əfv sərəncamı bəzi xarici ölkə vətəndaşlarına da şamil olunub.