Qriqori Karasin: "Azərbaycanın xarici siyasəti özgə geosiyasi layihənin girovuna çevrilməyəcəyinə zəmanət verir"

29 May 2014 10:30 (UTC+04:00)

"Rusiya Bakının xarici siyasət kursuna böyük hörmətlə yanaşır. Hansı ki, bu kursun əsası Heydər Əliyev tərəfindən qoyulub. Müasir Azərbaycanın xarici siyasətini səciyyələndirən amillər - müstəqillik, tarazlıq və milli maraqların dəqiq formalaşdırılması və ardıcıl qorunmasıdır. Bütün bunlar ona zəmanət verir ki, Azərbaycan özgə geosiyasi layihənin girovuna çevrilməyəcək.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.  "Təəsüflər olsun ki, bu hal Ukraynada baş verdi. Bizim qərbli tərəfdaşlarımız ayrıcı sərhədləri olmayan Avropanı qurmaq kimi tarixi şansdan istifadə etmək istəmədilər, hansı ki, Rusiya bu rolda çıxış edir. Qərb postsovet ölkələrini çətin seçim qarşısında qoyur:  "Ya bizimlə, ya da bizə qarşı..." Kiyev bu təzyiqlərə qarşı tab gətirə bilmək üçün özündə güc tapa bilmədi. Ukrayndakı daxili vəziyyət geniş həcmdə dövlət böhranın yaranmasına təhrik etdi. Şübhə etmirik ki, Azərbaycanın beynəlxaq aləmdə olan avtoriteti bundan sonra da möhkəmlənəcək. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi də bunun təsdiqidir. Rusiya Azərbaycana bu layihədə uğurlar arzulayır", - deyə Rusiya XİN başçısının müavini bildirib.

 

Q. Karasin qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərindəki müsbət inkişaf qarşılıqlı hörmət və dostluq prinsipi əsasında qurulan möhkəm strateji əməkdaşlığın gücünü göstərir: "Azərbaycan və Rusiya gələcəkdə də həm ikitərəfli əsaslarla, həm də beynəlxalq və regional forumlar çərçivəsində sıx əməkdaşlıq edəcəklər. Bizim ümumi məqsədimiz hər iki xalqın rifahını, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsziliyi və sabitliyi təmin etməkdir".