Mənzil icarədarları hər ay 3 miylon manatı büdcədən yayındırırlar

30 İyun 2012 09:00 (UTC+04:00)

Aparılan araşdırmalar göstərir ki, Bakı şəhəri üzrə orta qiymətlə götürdükdə mənzillərin, ofislərin icarəsi ayda 600 manata gəlib çatır. Bakıda təxminən 70 min mənzilin və ofisin icarə verildiyi bildirilir. Bu halda evlərini icarəyə verənlər ümumilikdə orta hesabla hər ay 42 milyon manata qədər gəlir əldə edirlər. Hansı ki, həmin gəlirin də 14 faizi gəlir vergisi olaraq icarədardan tutulmalıdır. Bu isə o deməkdir ki, mənzillərin icarəyə verilməsinə görə hər ay xəzinəyə təxminən 6 milyon manat daxil olmalıdır.

Amma təəssüf ki, icarəyə verilən mənzil sahiblərinin heç də hamısı həmin vergini ödəmir. Ekspert araşdırmalarına görə, ofis və mənzil icarəyə verənlərin təxminən yarısı gəlir vergisini ödəməkdən yayınır. Belədə deməli, hardasa hər ay 3 milyon manat vəsait vergidən, yəni dövlət büdcəsindən yayındırılır. Görəsən, mənzilləri, ofisləri icarəyə verməyə görə vergidən yayınma kimi problemlər niyə mövcuddur? Belə problemin qarşısı necə alınmalıdır?

İqtisadçı ekspert Akif Nəsirov sözügedən məsələdə problemin mövcudluğunu müvafiq qurumlar tərəfindən prosesə nəzarətin zəif olmasında görür: "Azərbaycanda ümumiyyətlə mənzil bazarı qanuni bir struktur kimi formalaşmayıb. Çox nadir hallarda icarəyə verilən mənzillər müqavilə əsasında verilir. Birincisi, heç rəsmi olaraq müqavilə də bağlanmır. Digər tərəfdən bu müqavilənin əsaslandığı müvəqqəti qeydiyyat məsələsi də bir qədər çətin prosedurdur. Rəsmi müqavilə ilə hər hansı bir mənzili icarələyən vətəndaş müvəqqəti olaraq həmin mənzilə qeydiyyata düşməlidir. Yəni hökumət strukturları, dövlət orqanları ölkə və xarici vətəndaşın hansı mənzildə yaşadığını dəqiq bilməlidir. Mənzilləri icarəyə görə əldə olunan gəlirə münasibətdə vergilərin ödənilməməsində birinci boşluq da məhz kirayənişinin qeydiyyata düşməməsindən irəli gəlir. Həmin prosedurun həyata keçirilməsi bir qədər çətindir. Digər tərəfdən idarəetmə orqanlarının nəzarətinin zəif olması da mənzillərin icarəyə verilməsi zamanı vergidən yayınma hallarının olmasını şərtləndirən amillərdəndir. Həmçinin kirayə verilən mənzillərin ümumiyyətlə ünvanının olmaması da problemin yaranmasına rəvac verən məqamlardandır. Bakıda 70 min mənzil icarəyə verilirsə, onun da təxminən yarıya qədəri məhz qeyri-qanuni tikililərdir ki, onlarında nə ünvanı, nə də qeydiyyatı vardır. Sözsüz ki, belə qeyri-qanuni ünvanda yaşayan insanın icarə müqaviləsi bağlaması üçün hüquqi baza yoxdur. Sözügedən sahəyə, Vergilər Nazirliyi, dövlət qeydiyyatı və icra strukturları tərəfindən nəzarət gücləndirilməlidir. Həm də qanunsuz mənzillər qeydiyyata alınmalıdır".

NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli isə vurğuladı ki, bəzilərinin mənzil icarəyə görə vergidən yayınmaları əhalinin bir hisəsinin aşağı həyat səviyyəsində yaşamasından irəli gəlir: "Mənzilləri icarəyə verənlər əsasən vergini ödəyir. Bütün hüquqi şəxslər bunu edir. Vergi orqanları audit yoxlamaları ilə bu prosesə ciddi nəzarət edir. Fiziki şəxslərə gəldikdə, mənzili icarəyə alan xarici və bahalı mənzilləri kirayəyə götürən az da olsa yerli vətəndaş da icarə müqaviləsini bağlayır. Belədə onlar da ödəmə mənbəyindən 14 faizlik vergini öədəyirlər. Bununla təxminən mənzili icarəyə verənlərin 60-70 faizi vergiləri ödəyir. O başqa məsələdir ki, müqavilədə icarə haqqı dəqiq və ya qeyri-dəqiq göstərilir. Amma orta və aşağı təbəqənin kirayənişin olduğu evlərlə bağlı məsələ isə problemlidir. Bu ərazilərdə əsasən müqavilələr bağlanmır və belədə də vergi ödənişindən yayınmalar baş verir".

Mənzil icarəsinə görə vergidən yayınmanın qarşısını almağa gəldikdə ekspert düşünür ki, bu işin həlli elə də böyük problem deyil: "Onları vergiyə cəlb etmək elə də çətin məsələ deyil. Yerli mənzil istismar kontorları, sahə müvəkkilləri, ərazi vergi idarələri təxminən bilirlər ki, hansı mənzildə sahibi və yaxud kirayənişin yaşayır. Həmin faktları yoxlayıb üzə çıxarıb rəsmiləşdirmək heç də problem deyil. Amma fikrimcə, hələlik ölkənin vergi orqanları sözügedən məsələnin həllinə girişməkdənsə, daha qlobal və əhəmiyyətli problemlərin həllini tapmasına çalışmalıdırlar. Yalnız ondan sonra mənzil icarəsinə görə vergidən yayınmaq kimi problemlərdən yapışmaq olar. Bunu ona görə deyirəm ki, ölkədə daha böyük vergidən yayınan iri vergi ödəyiciləri vardır. Həmin problemin həllindən sonra 3-5 ilə mənzil kirayəsinə görə vergidən yayınmaq kimi problemin həllinə də gəlib çıxmaq mümkündür. Amma sözügedən məsələnin reallaşmasının əks effekti də olacaq. Belə ki, icarəyə verən vergiyə cəlb olunduqda mənzilini əvvəlki qiymətdən daha baha qiymətə icarəyə verəcək ki, vergi də öz cibindən deyil, kirayənişin cibindən çıxsın. Bu halda icarə haqqı bahalaşacaq və bunun ağırlığı da kirayədə yaşayanın üzərinə düşəcək. Onların üzərinə düşən əlavə yük isə müəyyən gərginliklərə gətirib çıxara bilər. Hələliksə, biz buna hazır deyilik. Yəqin ki, müvafiq qurumlar bunu gördüyündən hələlik icarəyə verilən mənzillərin vergiyə cəlb olunmasının üzərinə qəti şəkildə getmirlər. Amma zamanı çatanda məsələ öz həllini tapacaq".