Zəlzələ təhdidi yenidən baş qaldırır

31 May 2014 08:06 (UTC+04:00)

Son günlərdə ölkəmizin də yerləşdiyi regionda yenidən intensivləşən yeraltı təkanlar ciddi narahatlıq predmetinə çevrilməkdədir. Təkanlardan ən dağıdıcısı mayın 24-də 6,5 bal gücündə Türkiyədə baş verdi. Daha sonra da Türkiyədə 5,3 bal olmaqla, gücü 3 baldan böyük bir neçə ardıcıl yeraltı təkan qeydə alınıb. Bundan başqa, may ayının son günlərində Rusiya və İran da silkələndi. Eyni zamanda son iki gün də Xəzər üçün təkansız olmayıb. Azərbaycan-Ermənistan sərhədində baş verən zəlzələni də bura əlavə edə bilərik. Regionda belə ardıcıl yeraltı təkanların olması narahatçılıq yaratmaya bilməz. Amma mütəxəssislər bunun bir qanunauyğunluq olduğunu deyirlər.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev də təsdiqlədi ki, regionda gərginlik hiss olunur: "Ancaq Xəzərdə olan təkanlar dərin qatlardadır. Həm də amplitudası az olduğuna görə qorxulu deyil. Bunlar əvvəl olan gərginliklərin davamıdır. Amma ümumilikdə Azərbaycan və region seysmik qurşaqda yerləşir. Yunanıstandan, Türkiyədən İndoneziyaya qədər olan ərazilər yüksək seysmik qurşaqdadırlar. Yəni, dünyanın 3 seysmik qurşaqlarından birində yerləşir. Ancaq o demək deyil ki, Türkiyədə və ya İranda güclü zəlzələ olubsa, bizdə də olacaq. Düzdür, belə qanunauyğnluq var. Amma bu qədər dəqiqlik yoxdur. Azərbaycanda regionlarımız var ki, 7 baldan yuxarı zəlzələ qeydə alınmayıb. Ancaq hələlik regionumuzun zəlzələ gərginliyinə uyğun kifayət qədər tikintilərimiz var. Gələcəkdə hökumətin birmənalı planı o olmalıdır ki, yeni evlər tikilərkən mütləq onların seysmoloji davamlılığı nəzərə alınmalıdır. Tikililər seysmik xəritəyə müvafiq olaraq olmalıdır. Deyərdim ki, Azərbaycanda bu sahədə ciddi irəliləyişlər var".

Ənvər Əliyev bildirdi ki, seysmik hadisəni əvvəlcədən demək hələlik elmə məlum deyil: "Bu, təxminən 60 kilometr dərinlikdə olan layların hərəkətləridir. Yer qabığı həmin laylarda ibarətdir. Onlar Yerin hərəkətinə müvafiq olaraq bir-birinə girirlər. Bunun nəticəsində zəlzələ olur".

Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev bildirdi ki, zəlzələ, təbii fəlakətlər əvvəlcədən proqnozlaşdırılmır: "Amma təbii fəalkətin nəticələrindən minimum itki ilə çıxmaq mümkündür. Ümumilikdə Qafqaz seysmik ərazidir. Ona görə də biz tikdiyimiz binaların hamsını minimum 8 bala hesablayırıq. Zəlzələ Yerin təkində gedən hadisələrin tərkib hissəsidir. Biz Günəş sistemində yaşayırıq. Günəşin aktivliyi özünü Yerdə göstərir. Vaxtı ilə qitələr ayrı-ayrı olub. Bunların yaxınlaşıb bir-biri ilə toqquşmasından Qafqaz əmələ gəlib. İndi də əks faza gedir. Bəzən həmin yerlər aralanırlar. Ümumilikdə yerin təkində gedən proseslərdən zəlzələlər baş verir. Neft və qazın çox çıxması isə zəlzələ riski azaldır".

Fəqan Əliyev bildirdi ki, Günəş aktivliyi ilə bağlı zəlzələdə period var: "Yer kürəsində gedən bütün proseslər Günəşdə gedən proseslərlə əlaqəlidir. Günəş Yerdə gedən bütün proseslərə reaksiya verir. Günəşdə olan aktivlik Yer kürəsinə böyük təsir göstərir. Son vaxtlar seysmikliyin artmasını Günəşin aktivləşməsi ilə əlaləndirmək olar".