Azərbaycanda siyasi məhbus yoxdur

30 İyun 2012 09:00 (UTC+04:00)

AŞPA-nın Azərbaycanda siyasi məhbus məsələləri üzrə təyin etdiyi məruzəçi Kristof Ştrasserin siyasi məhbuslarla bağlı hazırladığı siyahıdakı adamların çoxu həmin şəxslərin hüquq müdafiəçilərinin siyahısı ilə üst-üstə düşmür. Bunu jurnalistlərə deputat, YAP İcra katibinin müavini Səyavuş Novruzov bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda siyasi məhbus yoxdur. Sadəcə olaraq, hansısa partiyanın üzvü olmasından asılı olmayaraq, cinayət törədib, məsuliyyətə cəlb olunanlar var. O deyib: "Azərbaycan AŞPA-ya üzv olanadək belə halar ola bilərdi. Əgər biz Avropa Şurasının üzvüyüksə və Avropa məhkəməsi fəaliyyət göstərirsə, o zaman Avropa Şurasının siyasi məhbus statusu verməsinin heç bir adı yoxdur və bu, mənasızdır. Bu gün hansısa adam və ya dələduz metro partladanın, terror təşkilatları, xarici kəşfiyyatla əlaqəsi olan adamın, yaxud da Əlikram Hümbətov kimisinin adını siyahıya salaraq Azərbaycanda siyasi məhbusun olduğunu iddia edirlər. Bütün bunlar cəfəngiyatdır və bu şəxslər konkret cinayət törətmiş şəxslərdir".