Parlament Cinayət Məcəlləsini sərtləşdirdi

30 May 2014 22:43 (UTC+04:00)

Milli Məclisin 30 may iclasında Cinayət Məcəlləsinin bir sıra maddələrində sanksiyaların artırılıb. Movqe.az saytı xəbər verir ki, məcəllənin 149.3-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, zorlama (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immun çatışmazlığı virusuna yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda, o cümlədən aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə minimum cəza həddi 10 ilə qaldırılır. Hazırda bu maddədə minimum cəza həddi 8 ildir.


Məcəllənin 55.4-cü maddəsinə dəyişikliyə görə, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda azadlıqdan məhrum etmənin yuxarı həddi 20 il, hökmlərin məcmusu üzrə isə 25 il müəyyən edilir. Hazırda bu hədlər müvafiq olaraq 15 və 20 ildir.