Ərdoğanın müavini Qəbələyə gəlir
31 May 2014 18:06 (UTC+04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşəbbüsü
və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 4-5
iyun tarixində Qəbələ şəhərində "İqtisadi Əməkdaşlıq Təşkilatının
Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı"nın
keçiriləcək.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
konfransda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan,
Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan,
Türkiyə və Türkmənistanın fövqəladə halların idarəedilməsi
sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxsləri və
nümayəndələri iştirak edəcək. Bundan əlavə tədbirdə BMT, BMT-nin
İnkişaf Proqramı, BMT-nin Uşaq Fondu, BMT-nin Asiya və Sakit Okean
ölkələri üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Humanitar
Yardımlarının İdarəedilməsi Ofisi, Almaniya Texniki yardım Federal
Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Yaponiya
Beynəxalq Əməkdaşlıq Agentliyi, Asiya Fəlakətlərə Hazırlıq Mərkəzi,
Asiya Fəlakətlərin Azaldılması Mərkəzi, İƏT-in Fəlakət Riskinin
İdarəedilməsi Regional Mərkəzi, Freie Universiteti, Mərkəzi Asiya
Tədqiqi GeoElmlər İnstitutu, Beynəlxalq Zəlzələ mühəndisliyi və
Seysmologiya İnstitutu, Almaniya Qırmızı Xaç Cəmiyyəti və
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən olan nümayəndələrin iştirakı
gözlənilir.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini
Bəşir Atalayın da konfransda iştirak edəcəyi
bildirilir.
Sözügedən tədbirin keçirilməsində əsas məqsəd
təşkilata üzv ölkələrin müvafiq qurumları və təşkilatla sıx
əməkdaşlıq edən beynəlxalq təşkilatlar arasında mülki müdafiə,
əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə
hallardan qorunması, onların qarşısının alınması və nəticələrinin
aradan qaldırılması sahəsində birgə əməkdaşlığı daha da
dərinləşdirməkdir.