Qarabağ Britaniya parlamentində

31 May 2014 20:04 (UTC+04:00)
"Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi zamanı üzləşdiyi problemlərdən xəbərdarıq və geri döndükdən sonra parlamentdə bu məsələni qaldıracağıq". Movqe.az Anspress-ə istinadən xəbər verir ki , bunu bu gün mətbuat konfransı keçirən Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer deyib. O, münaqişənin bitməli, insanlar evlərinə qayıtmalı olduğunu deyib. 

Deputat qeyd edib ki, Böyük Britaniya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir: "Ancaq biz öz hökumətimizə təzyiq göstərməliyik ki, onlar da öz növbəsində Minsk qrupunun fəaliyyətinə dəstək göstərsinlər və münaqişə öz həllini tapsın. Ərazi bütövlüyü amili tanınmalıdır".

Pinçer Xocalı faciəsinə də toxunub. O, faciənin Britaniya parlamentində tanınacağına ümid etdiyini bildirib. "Hər il Azərbaycan-Avropa Cəmiyyətinin Britaniyada keçirdiyi Xocalı soyqırımının anım mərasimlərinə bir çox Böyük Britanya deputatları da iştirak edir. Bu onu göstərir ki, həmin insanlar Xocalıda baş verən verən hadisələri tanıyırlar".

O, Azərbaycanın gənc dövlət olduğunu və dövlətçiliyini Ermənistan-Azərbaycan münaqişəsinin ağır çətinlikləri üzərində qurduğunu deyib. 
"Bu da istər-istəməz Azərbaycanda demokratiya quruculuğunda çətinliklər yaradıb".