Jurnalistin qardaşı Suriyaya döyüşə gedib? - FOTO
2 İyun 2014 17:00 (UTC+04:00)
Tanınmış jurnalist Akif Nəsirli qardaşı, sələfi təriqətinin üzvü
Firuz Nəsirovun Suriyaya döyüşə getməsi barədə sosial
şəbəkədə məlumat yayıb. Movqe.az xəbər verir ki, jurnalist
qardaşının son üç ildir ki, dinlə aktiv məşğul olduğunu, Qaraçuxur
məscidində namaz qıldığını qeyd edib. Bildirib ki, ilk vaxtlar
qardaşı çox radikal olub: "Biz də ona deyirdik ki, radikallıqdan əl
çəksin. Suriyadakı döyüşlərin oyun olduğunu anladırdıq. Bizimlə
razılaşırdı. Mayın 29-da mənə zəng edib dedi ki, Türkiyəyə
müalicəyə gedəcəm. Böyrəyində problemi vardı. Dedim ki, bu
xəstəliyi Bakıda da müalicə etmək mümkündür. Mayın 30-da digər
qardaşımla görüşüb pul alıb. Bir gün sonra ona zəng çatmayıb.
Telefonu bağlıdır".
A.Nəsirli qeyd edib ki, məsələ ilə bağlı polisə müraciət
ediblər: "Polis bu gün bizə xəbər verdi ki, ölkədən çıxmayıb. Adı
bütün sərhəd keçid məntəqələrinə verilib. Qaraçuxur məscidində də
olmuşam. Qardaşımın şəkilini göstərdim tanıdılar, amma harada
olduğunu demədilər. Bilirəm ki, Suriyaya gedən azərbaycanlı
döyüşçülər Türkiyədən keçib gedirlər. Narahatlığım da bununla
bağlıdır".
Qeyd edək ki, "Paralel" qəzetinin əməkdaşı olan Akif
Nəsirli dünən yaydığı məlumatda mayın 28-dən etibarən qardaşından
heç bir xəbər olmadığını deyib. O, qardaşının itkin düşməsi ilə
bağlı rəsmi qurumlara da müraciət ünvanlayıb.