Misir mədəniyyəti günlərinin açılışı olub

3 İyun 2014 11:26 (UTC+04:00)

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanda Misir mədəniyyəti günlərinin açılışı olub. Movqe.az-ın məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev adından misirli qonaqları səmimi salamlayaraq iki qardaş ölkə arasında mədəni əlaqələr qədim tarixə malik olduğunu və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib: " 2005-ci ildə Misirdə ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günləri keçirilib. Bu gün bakılılar Misir incəsənəti ilə daha yaxından tanış ola biləcəklər. Mahnı Teatrının səhnəsində "İsmailiyyə" folklor ansamblı çıxış edəcək". Diqqətə çatdırılıb ki, Mədəniyyət günləri çərçivəsində Azərbaycan Milli Kitabxanasında beynəlxalq simpozium təşkil olunub.

"1969" Qalereyasında sərgi açılıb. Sərginin eksponatları arasında bədii əsərlər, dekorativ-tətbiqi sənət nümunələri və fotoşəkillər vardır. Suraxanı, Xəzər, Qaradağ və Qobustan rayonlarında "İsmailiyyə" folklor ansamblının konsertləri olacaq.Misirin Azərbaycandakı səfirinin müavini Haysam Calal səmimi qəbul üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirib və iki qardaş ölkə arasında mədəni əlaqələr müvəffəqiyyətlə inkişaf etdiyi söyləyib: "Bizi ümumi mədəni və dini ənənələr birləşdirir. Qədim zamanlarda bir çox xalqların nümayəndələrinin yaşadıqları Misir həmişə tolerant ölkə olub. Azərbaycanı da məhz belə tolerantlıq fərqləndirir. Gələn il Misirdə Azərbaycan mədəniyyəti günləri keçiriləcək". Qeyd edək ki, Azərbaycanda Misir mədəniyyəti günləri iyunun 7-də başa çatacaq.