"Aqrolizinq" ASC-də yol verilmiş
qanun pozuntuları ilə bağlı cinayət işi açılıb. Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin saytında yer
alan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq"
ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama
Palatasından daxil olmuş material
araşdırılıb. ANS PRESS Hesablama
Palatasısının cinayət işinin açılmasına əsas vermiş hesabatını
təqdim edir:
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə dövlət
büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına
alınan aktivlərin Şəki regional logistik bazası tərəfindən
istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən
xidmətlərdən daxilolmaların auditi aparılıb.
Audit nəticəsində bir çox hallarda normativ hüquqi
aktların və eləcə də normativ-metodiki sənədlərin tələblərinə
riayət edilmədiyi, ciddi hüquqi pozuntularına, nöqsan və
çatışmazlıqlara yol verildiyi müəyyən edilib.
Belə ki, 05 dekabr 2013-cü il tarixə maddi-məsul
şəxsin öhdəsində 16,75 ton miqdarında ammofos gübrəsi və 0,15 ton
miqdarında azot gübrəsi olmaqla çatışmazlıq, habelə 2012-ci ilin
yanvar ayında alınmış və yararlılıq müddəti başa çatmış və
daşlaşaraq dənəvərliyi itmiş, 2012-ci ilin yanvar ayında alınmış
Qazaxıstan Respublikasının istehsalı olan 427 ton azot və Sabirabad
Regional Loqistik Bazasından alınmış 20 ton Ukrayna Respublikasının
2008-ci il istehsalı olan superfosfat gübrəsi aşkar
edilib.
Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli Qərarı ilə
təsdiq edilmiş "Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi
və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları
istehsalçılarına mineral gübrənin güzəştlə satılması Qaydaları"nın
tələblərinə əməl edilməyərək 6 halda əkin sahəsinin fiziki şəxslərə
məxsusluğunu təsdiq edən müvafiq sənəd olmadığı halda, həmin
şəxslərin adlarına alqı-satqı müqavilələri sənədləşdirilərək
qaimə-fakturalarla 186,9 ton, 13 halda fiziki və hüquqi şəxslərin
güzəştlə gübrə alması üçün yerli komissiyaya müraciət ərizəsinə
əlavə edilmiş sənədlərdə kənd təsərrüfatında təyinatı otlaq, örüş,
biçənək olan torpaq sahələri əkin sahəsi kimi göstərilərək həmin
şəxslərin adlarına alqı-satqı müqavilələri əsasında
qaimə-fakturalarla 347,8 ton, 31 halda "Azərbaycan Respublikasının
Torpaq Məcəlləsi"nin, "Torpaq icarəsi haqqında" Azərbaycan
Respublikası Qanununun tələbləri gözlənilmədən aidiyyəti dövlət
orqanlarından müvafiq razılıq alınmadan icarəyə verilmiş, yerli
rayon icra hakimiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə icarəyə
verilmiş torpaqlardan qanunsuz olaraq subicarə müqavilələri ilə
icarəyə verilən örüş sahələri üzrə şəxslərə, o cümlədən artıq
göstərilmiş əkin sahəsinin icarəyə verilməsinin sənədləşdirilməsi
hesabına 812,5 ton mineral gübrənin istehsalçılara satıldığı
sənədləşdirilən, lakin faktiki olaraq əkin sahəsinə aid olmayan
torpaq sahələrinə və bələdiyyələrin torpaq fondunda əkin sahəsindən
artıq icarə müqavilələrinin yazılması hesabına, bəzi hallarda isə
təsdiqedici sənəd olmadığı halda və şəxslərin adına qaimə-faktura
yazılmaqla ümumilikdə 1347,2 ton mineral gübrə artıq və əsassız
olaraq məxaric edilmiş, artıq və əsassız məxaric edilmiş mineral
gübrənin 50%-i dəyəri istehsalçıların adından kassaya mədaxil
olunmuş, qalan 50%-i dövlət büdcəsinə kənd təsərrüfatı məhsulları
istehsalçılarına verilən güzəşt hesabına bağlanıb.
Eyni zamanda, auditlə əhatə olunan dövrdə güzəştlə
mineral gübrə alınması üçün müraciət ərizəsinə əkin sahəsinə dair
pay torpaqlarının başqa şəxslərə icarəyə verilməsi barədə notarial
qaydada təsdiq edilməyən müqavilə əlavə edilib. Bazanın
əmtəəşünasının auditlə əhatə olunan bütün dövrdə faktiki işə
çıxmadığı və onun tərəfindən heç bir iş yerinə yetirilmədiyi halda,
ona əmək haqqı hesablanılaraq ödənilmişdir. Auditin gedişatında
Şəki regional logistik bazasının vəzifəli şəxsləri tərəfindən
mineral gübrə çatışmazlığı üzrə 12788,8 manat məbləğində vəsaitin
dövlət büdcəsinə ödənilməsi təmin edilib. Auditin nəticələri
Hesablama Palatasının Kollegiyasında müzakirə edilərək Kollegiya
Qərarı qəbul edilmiş və müvafiq məlumat Milli Məclisə göndərilmiş,
Kənd Təsərrüfatı Nazirliyinə təqdimat verilmiş, həmçinin
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şəki regional logistik
bazasının vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən
sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış
büdcə vəsaitlərindən qanunsuz istifadə halları, rəsmi sənədlərə
bilə-bilə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi
nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda
zərər vurulması ehtimalı nəzərə alınaraq yoxlama materialları
Azərbaycan Respublikasının Baş Prokurorluğuna
göndərilib.
Hesabat ilində "Aqrolizinq" ASC-yə dövlət
büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına
alınan aktivlərin Şəki rayon aqroservis filialı tərəfindən
istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən
xidmətlərdən daxilolmaların auditi aparılıb. Şəki Aqroservis
Filialı Əsasnaməsinə görə "Aqrolizinq" ASC-nin struktur vahidi
olmaqla funksiyalarının bir hissəsini yerlərdə həyata keçirən,
hüquqi şəxs olmayan ayrıca struktur bölməsidir. Təqdim olunmuş
məlumatlara əsasən auditin əhatə etdiyi dövrdə Filial kənd
təsərrüfatı məhsullarının istehsalçılarına, onların sifarişləri
əsasında bilavasitə və ya nəzdində olan mexanikləşdirilmiş
dəstələrin köməyilə Cəmiyyət tərəfindən verilmiş kənd təsərrüfatı
texnikaları vasitəsilə aqrotexniki xidmətlər göstərib, mineral
gübrələrin saxlanmasını, daşınmasını və qaydalara uyğun
istifadəçilərə güzəştli satışını təşkil
edib.
Audit nəticəsində bir çox hallarda normativ hüquqi
aktların və eləcə də normativ-metodiki sənədlərin tələblərinə
riayət edilmədiyi, ciddi hüquq pozuntularına, nöqsan və
çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, 2008-2009-cu
illərdə buğda istehsalçılarına satılan mineral gübrənin 70%-nin
güzəştlə satılmasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər
Kabinetinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum,
gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək
verilməsi ilə əlaqədar bəzi məsələlər barədə" 2008-ci il 22
sentyabr tarixli, 226 nömrəli Qərarına və "Aqrolizinq" ASC-nin
2008-ci il 25 sentyabr tarixli əmrinə istinad edilməklə, həmin
qərarla təsdiq edilmiş Qaydalardakı prosessual tələblərə əməl
edilməyərək təsdiqedici sənədlərin toplanılması, onların
ekspertizası təmin edilmədən və qabaqcadan ödəniş həyata
keçirilmədən 1224,45 ton miqdarında superfosfat gübrəsinin 2011-ci
ildə hüquqi əsas olmadan 70% güzəştlə kənd təsərrüfatı məhsulları
istehsalçılarına satıldığı sənədləşdirilib, eyni zamanda satışdan
əldə edilməli olan vəsait Filialın kassasına daxil
edilməyib.
2011-ci ildə 50% güzəştlə 982,9 ton miqdarında
superfosfat gübrəsinin satılmasından əldə edilməli olan vəsaitin
yalnız bir hissəsi Filialın kassasına mədaxil edilmiş və Filialın
mühasibat sənədlərində debitor borcun yaranması halı göstərilsə də,
borcun yığılması istiqamətində müvafiq tədbirlər həyata
keçirilməmişdir. 2011-ci ildə kənd təsərrüfatı məhsulları
istehsalçılarına satılmalı olan superfosfat gübrəsindən yalnız 400
tonu 3 halda kənd təsərrüfatı istehsalı müəssisəsinə vəkalətnamə
əsasında Filialın cavabdeh şəxsləri tərəfindən məxaricə silinərək
həmin müəssisə üzrə debitor borca aid edilmiş, qalan superfosfat
gübrəsi isə düzgün olmayaraq müxtəlif şəxslərin adına məxaricə
yazılmış və 4 hüquqi şəxsin adından güzəşt məbləğinin müəyyən
hissəsi "Aqrolizinq" ASC-yə ödənilmiş, qalan məbləğ isə gübrə
almadıqları halda müxtəlif şəxslərin adında borcda saxlanılmışdır.
Nəticədə Filialın cavabdeh şəxsləri tərəfindən hüquqi qüvvəsi
olmayan sənədləşmələr əsasında superfosfat gübrəsi mal
dövriyyəsindən və uçotdan yayındırılmış və faktiki mövcudluğu
müəyyən edilməyib.
2012-ci ildə 50% güzəştlə 402 ton miqdarında
superfosfat gübrəsinin, 2000 ton azot gübrəsinin satışından daxil
olmalı olan vəsaitin yalnız bir hissəsinin Filialın kassasına daxil
olduğu, nəticədə superfosfat və azot gübrələri üzrə debitor borc
yaranmışdır. 2012-ci ildə Filialın cavabdeh şəxsləri tərəfindən
kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmalı olan azot
gübrəsindən 1486,8 tonu düzgün olmayaraq müxtəlif şəxslərin adına
məxaricə yazılmış və güzəşt məbləğindən bir hissəsi 115 nəfərin
adından "Aqrolizinq" ASC-yə ödənilmiş, qalan məbləğ isə gübrə
almadıqları halda müxtəlif şəxslərin adında borcda saxlanılmışdır
ki, nəticədə hüquqi əsası olmayan və hüquqi prosessual tələblər
gözlənilmədən azot gübrəsi mal dövriyyəsindən, eləcə də uçotdan
yayındırılmış və faktiki mövcudluğu müəyyən edilməmişdir. 06 dekabr
2013-cü il tarixə Filialın anbarında 75 ton miqdarında kalium
gübrəsi və 86 ton miqdarında nitroamafoska gübrəsinin çatışmadığı
aşkar edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 29 noyabr tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına
alınan pestisidlərin və aqrokimyəvi maddələrin satılması
Qaydaları"nın tələblərinə müvafiq olaraq kənd təsərrüfatı
məhsulları istehsalçılarına mineral gübrənin güzəştlə satılması
zamanı gübrənin dəyərinin güzəşt tətbiq edilməyən hissəsinin
qabaqcadan alınmasının və ya 10%-nin əvvəlcədən, qalan hissəsinin
isə müəyyən edilmiş qaydada girov (ipoteka) müqaviləsi
bağlanılmaqla bir il müddətinə ödənilməsinin təmin olunmaması,
həmçinin audit dövrünün əvvəlinə olan borcların ləğv edilmək
əvəzinə gübrənin yenidən iri debitor borcu olan şəxslərin adlarına
məxaricə yazılması və borc məbləğinin artırılması səbəbindən
hesabat dövrünün sonuna əvvəlki illərdə kənd təsərrüfatı məhsulları
istehsalçılarına güzəştlə satılması rəsmiləşdirilmiş mineral
gübrələr üzrə böyük məbləğdə debitor borc qalığı
olub.
Debitor borcun reallığının araşdırılması
nəticəsində müəyyən edilib ki, Filialın uçotunda mal qalığı
olmadığı və məxaric sənədləri siyahısında, habelə gübrənin
məxaricinə dair yazılmış qaimə-fakturaların xüsusi qeydiyyat
kitabında qeydiyyatda olmayan qaimə-faktura ilə kənd təsərrüfatı
istehsalı müəssisəsinə 390 ton ammonium-nitrat gübrəsinin məxaricə
verildiyi sənədləşdirilərək gübrə üzrə uçotda göstərilən borc süni
şəkildə artırılıb.
Auditlə əhatə olunan dövrün əvvəlinə pestisidlər
üzrə amin duzuna, puma superə, Bİ-58-ə, polirama və sumi alfaya
görə böyük məbləğdə debitor borcunun olduğu müəyyən edilmiş,
2011-ci ildə istifadəçilərə satıldığı sənədləşdirilmiş
pestisidlərin dəyərindən auditlə əhatə olunan dövrdə Filiala yalnız
1 hüquqi şəxs üzrə vəsait ödənilib, Filial ilə dövlət kənd
təsərrüfatı istehsalat müəssisəsi arasında mineral gübrə və
pestisidlər üzrə aparılan qarşılıqlı üzləşdirmə aktında Filialın
pestisidlərdən yaranan debitor borc məbləği ilə hesabatda
göstərilən borc məbləği arasında fərq müəyyən edilib, nəticədə
pestisidin məbləği əsassız olaraq uçotdan
yayındırılıb.
Pestisidlərin satışı üzrə debitor borclarının
tərkibində iri debitor borcu olan fiziki və hüquqi şəxslərin
borclarının araşdırılması ilə müəyyən edilmişdir ki, audit dövrünün
əvvəlinə olan borclar ləğv edilmədiyi halda yenidən həmin şəxslərə
pestisid məxaricə verilmiş, nəticədə borc məbləği artmışdır. Kənd
təsərrüfatı texnikası üzrə "Aqrolizinq" ASC-yə Filialın kreditor
borcu yaranmış və illər üzrə artıb. Auditlə əhatə olunan illərdə
Filial tərəfindən kənd təsərrüfatı texnikalarının müvəqqəti
istifadəsi üçün müxtəlif fiziki şəxslərlə lizinq müqavilələrinin
bir il və ya daha da az müddətində bağlanılmasına baxmayaraq
müqavilə müddəti uzadılmadan həmin texnikalar üçün servis xidmətinə
görə haqq ödənilmədən uzun müddət fiziki şəxslərin istifadəsində
qalmış, kənd təsərrüfatı texnikalarının lizinq müqavilələri ilə
servis xidməti üçün müxtəlif fiziki şəxslərə istifadəyə
verilməsindən yaranmış debitor borcu məbləğinin Filial tərəfindən
uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada
aparılmayıb.
Kənd təsərrüfatı texnikalarının müvəqqəti
istifadəsindən ödəmələrin araşdırılması zamanı 10 nəfər fiziki şəxs
üzrə ödənilmiş vəsaitin bir hissəsinin Filialın kassasına az
mədaxil olunduğu müəyyən edilmiş, Filialın sərəncamında olan kənd
təsərrüfatı texnikalarının Filialda və istifadəçilərdə faktiki
qalığının 06 dekabr 2013-cü il tarixə sayılması nəticəsində maddi
məsul şəxsin öhdəsində 2 adda 17 ədəd texnikanın faktiki mövcudluğu
müəyyən edilməmiş, 26 özüyeriyən texnika, o cümlədən 19 ədəd
kombayn, 1 ədəd ekskavator və 6 ədəd traktor Filialın həyətində
istifadəsiz saxlanılmış, operativ lizinq müqavilələri ilə servis
xidməti üçün müxtəlif fiziki şəxslərə istifadəyə verilmiş
özüyeriyən kənd təsərrüfatı texnikalarının əksəriyyətində faktiki
məhsuldarlığı müəyyən edən motosaat mexanizminin işləmədiyi müəyyən
edilmişdir.
Kassa əməliyyatı üzrə "Aqrolizinq" ASC-nin təqdim
etdiyi arayışa əsasən Filial müdirinin təhtəlhesab şəxs kimi 01
yanvar 2011-ci il tarixə yaranmış və hal-hazırda ASC-yə mövcud olan
kreditor borcu filialın uçotunda öz əksini tapmamış, auditin əhatə
etdiyi dövrdə isə ona təhtəlhesab şəxs kimi verilmiş vəsait
təsdiqedici sənədlər olmadan silinib.
"Aqrolizinq" ASC tərəfindən Filialın balansına
verilmiş 2 ədəd yanacaqdaşıyan, 1 ədəd Kamaz markalı özüboşaldan, 1
ədəd QAZ-3309 markalı avtoyükləyici, 1 ədəd avtotəmir nəqliyyat
vasitəsinin Filialın ərazisində olmadığı, o cümlədən Filialın
sürücü ştatının saxlanılmadığı müəyyən edilmiş və Filial ilə kənar
şəxslər arasında icarə müqavilələri bağlanmadan nəqliyyat
vasitələrinin istifadəyə verildiyi müəyyən
edilmişdir.
Auditin nəticələri Hesablama Palatasının
Kollegiyasında müzakirə edilərək Kollegiya Qərarı qəbul edilmiş və
müvafiq məlumat Milli Məclisə göndərilmiş, Kənd Təsərrüfatı
Nazirliyinə təqdimat verilmiş, həmçinin "Aqrolizinq" ASC-nin Şəki
rayon aqroservis filialının vəzifəli şəxsləri tərəfindən vəzifə
səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından,
o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları,
rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və
digər bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə
dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq
auditin nəticələri üzrə yoxlama materialları Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərilib.
"Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və
təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin (əsas və
dövriyyə vəsaitlərinin) struktur bölməsi olan Horadiz Aqroservis
Filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları
və göstərilən xidmətlərdən daxilolmaların auditi aparılıb. Təqdim
olunmuş məlumatlara əsasən auditin əhatə etdiyi dövrdə Horadiz
Aqroservis Filialı kənd təsərrüfatı məhsullarının istehsalçılarına,
onların sifarişləri əsasında bilavasitə və ya nəzdində olan
mexanikləşdirilmiş dəstələrin köməyilə Cəmiyyət tərəfindən verilmiş
kənd təsərrüfatı texnikaları vasitəsilə aqrotexniki xidmətlər
göstərmiş, mineral gübrələrin saxlanmasını, daşınmasını və
qaydalara uyğun istifadəçilərə güzəştli satışını təşkil
edib.
Bununla yanaşı, nöqsan və çatışmazlıqlara yol
verildiyi müəyyən edilmişdir. Belə ki, Horadiz aqroservis
filialının hüquqi şəxs statusu olmasa da, Cəmiyyət və fiziki
şəxslərlə lizinq müqavilələri bağlanılmış, lakin faktiki olaraq
istifadə hüququ tətbiq edilmiş, traktor və digər mexaniki nəqliyyat
vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmayan və
ya sürücülük vəsiqəsinin vaxtı keçən 5 nəfər fiziki şəxslə müqavilə
bağlanmış, Cəmiyyət tərəfindən büdcə vəsaiti hesabına alınmış və
Filiala lizinq yolu ilə istifadəyə verilən aktivlərin uçotu hər bir
texnika üzrə fərdi uçot vərəqəsi açılmadan siyahıyaalma üsulu ilə
aparılmış, inventarizasiya nəticəsində Filialda texnika
artıqgəlməsi və əskikgəlməsi müəyyən edilmişdir. Cəmiyyət
tərəfindən Filialın istifadəsinə istehsalat zərurəti yaranmadan
lüzumsuz olaraq verilmiş yanacaqdaşıyan avtomaşınların
xidmətlərindən təsərrüfat ehtiyacları üçün ümumiyyətlə istifadə
olunmayıb.
Filial və traktorçu-mexanizatorlar tərəfindən
müqavilə öhdəliklərinə əməl edilməyərək lizinq yolu ilə istifadəyə
götürülən texnikalar üzrə lizinq ödənişlərinin vaxtında və tam
məbləğdə həyata keçirilməməsi, Filial tərəfindən texnikalardan
istifadənin səmərəli təşkil edilməməsi, Cəmiyyət qarşısında lizinq
ödənişlərinə dair müqavilə öhdəliklərinin yerinə yetirilməməsi,
istifadə edilən texnikaların dəyərinin ödəniş qrafiklərinə əməl
edilməməsi səbəbindən Filialın Cəmiyyətlə hesablaşmalar üzrə böyük
məbləğdə kreditor borcu yaranmış və audit dövrünün əvvəlinə
nisbətən sonunda 2,5 dəfə artıb.
36 ədəd kombaynın dəyərinin ödənişinə görə
Filialın öhdəlik üzrə ödəniş əmsalı 52,72% kəsirdə qalaraq borc
qalığı yaranmış və kombaynların dəyərinin ödənişi üzrə borc qalığı
Filialın texnikaya görə ümumi borcunun 41,78%-ni təşkil etmiş,
2008-ci ildə Filiala 8 il müddətinə istifadəyə verilmiş 2 ədəd
kombayn lizinq yolu ilə istifadəyə götürüldüyü halda, istifadəyə
yararsız texnika kimi 6 il müddətində açıq şəraitdə saxlanılıb,
istifadəyə yararsız olduğu halda, bəzən Cəmiyyətə onların dəyərinin
ödənişi üzrə cüzi lizinq ödənişləri
aparılıb.
29 kombayn üzrə yanacaq sərfinə və "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmiş müvafiq məlumatlar
əsasında aparılan hesablamalar, həmçinin iş məlumatları və uçot
sənədlərində olan məlumatlar nəzərə alınmaqla mövcud imkanlardan az
taxıl biçildiyi, biçinə cəlb edilmiş kombaynların iş məlumatlarında
görülmüş işlərin həcminin az göstərilməsi, taxıl biçininə cəlb
edilmiş kombaynların gördüyü işlərin dəyərinin sifarişçi tərəfindən
ödənilməsinə baxmayaraq, texnikanın dəyəri üzrə ödənişlərin
aparılmaması səbəbindən kombaynların dəyərinin ödənişi üzrə
öhdəliyin Filial tərəfindən kəsirlə icra olunduğu, 4
istifadəçi-kombaynçının hər biri üzrə müvafiq sahədə taxıl biçini
işləri aparılmasına baxmayaraq, Cəmiyyətə həmin kombaynlar üzrə
dəyərinin ödənişinin həyata keçirilmədiyi müəyyən
olunub.
Müvafiq məlumatlar əsasında aparılan təhlillə
gübrə səpini, şumlama işləri və dənli bitkilərin toxum səpini
işlərinin hesabatlarda az göstərildiyi, taxılsəpənlər vasitəsilə
müəyyən sahədə taxıl səpini aparılmasına baxmayaraq, Cəmiyyətə
onların dəyəri üzrə heç bir lizinq ödənişi həyata keçirilmədiyi
müəyyən olunub.
Şirvan logistik bazasından saxlanca götürülmüş 1
ədəd ekskavator və 1 ədəd özüyeriyən otbiçən 4 il müddətində açıq
havada saxlanılaraq istifadə olunmamış, Filialın istifadəsinə
verilmiş texnikaların lizinq müqavilələrinə əlavə edilən ödəniş
qrafikinə əsasən lizinq öhdəliklərinin tam icrası üçün tələb olunan
sahəyə nisbətən şumlanma, çiləmə, toxum səpini və taxıl biçini
işləri az həyata keçirilib. Hər hektara iş vahidinin dəyərinin
azaldılması hesabına nağd hesablaşmalarda gəlirlər azaldılıb,
görülən işlərin həcmi barədə məlumat formaları Filialın kassasına
faktiki mədaxil olunan pul vəsaitinə görə tərtib edilmiş, bəzi
hallarda, görülmüş işlərin həcmi faktiki göstəricilər əsasında
deyil, mexanizatorlar arasında bərabər həcmdə bölünmüş və buna
müvafiq olaraq hər bir mexanizator tərəfindən eyni məbləğdə vəsait
Filialın xəzinəsinə mədaxil edilmiş, mexanizatorların iş
məlumatlarında texnikanın motosaat göstəriciləri barədə müvafiq
qeydlərin aparılması və uçota alınması işi tam və dəqiq həyata
keçirilməmiş, rayon ərazisində aqroservis xidmətlərinin
göstərilməsinə tələbatın yüksək olmasına baxmayaraq, bəzi
texnikalardan az istifadə edilib.
Cəmiyyətin aqroservis filialları tərəfindən
xidmətlər göstərilməsinə dair müvafiq qaydalar mövcud olmamış,
fərdi kənd təsərrüfatı istehsalçılarına servis xidmətləri şifahi
müraciətlər əsasında göstərilmiş, görülmüş işin həcmini təsdiq edən
hər hansı sənəd tərtib edilməmiş, aqroservis xidmətlərindən
daxilolmalar kassaya nağd formada mədaxil edilmiş və nağd qaydada
xərclənmiş, göstərdikləri aqrotexniki xidmətlərin ümumi həcminə
görə Filial tərəfindən 2011-ci ildə 44 nəfər mexanizatora, 2012-ci
ildə 36 nəfər mexanizatora artıq xidmət haqqı ödənilmiş, ehtiyat
hissələri qanunvericiliyin tələblərinə uyğun olmayan alış və ödəniş
sənədləri tərtib etməklə və alınmasını təsdiq edən hesab-fakturalar
və dəyərinin ödənilməsini təsdiq edən ödəniş sənədləri olmadan
alınmış və təmirə ehtiyacı olan hər bir texnikaya qüsur aktı
yazılmadan istifadə olunduğu sənədləşdirilib.
Mineral gübrənin alınması barədə istehsalçılar
tərəfindən ərizə ilə Filiala müraciət edilmədiyi, həmçinin rayon
ərazisində əkin-səpin işləri aparılmadığından mineral gübrəyə
ehtiyac olmadığı halda, Filialın cavabdeh şəxsləri tərəfindən 29
nəfər fiziki şəxsin adından mineral gübrə alınması barədə ərizələr
yazılmış, imzalanmış və xüsusi kitabda qeydiyyata alınıb və
dəyərinin 50%-i məbləğində vəsait onların adından Filialın
xəzinəsinə qabaqcadan ödənilib, nəticədə gübrə güzəştdən istifadəyə
hüququ və aidiyyəti olmayan şəxslərə satılıb.
Mühasibat müxabirləşmələri, dövriyyə cədvəlləri
tərtib edilməmiş və Baş kitab aparılmamış, bütün xərclərin bir
nəfər (Filialın müdiri) tərəfindən təkbaşına və nağd qaydada həyata
keçirilməsi Filialdaxili "nəzarət riski"ni artırıb, gəlirlərin
uçotunun aparılmasında təhriflərə və ya qüsurlara yol verilmiş,
texnikaların, əsas vəsaitlərin analitik uçotu aparılmayıb. Filial
tərəfindən auditlə əhatə edilən dövrdə büdcə təsnifatı üzrə
xərclərdə təyinat dəyişikliklərinə yol verilib.
Hesablama Palatasının Kollegiyası auditin
nəticələrini müzakirə edərək, aşkar olunmuş nöqsanların aradan
qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin
həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına
məlumatın təqdim edilməsi barədə Qərar qəbul etmiş, həmin Qərar
icra üçün Kənd Təsərrüfatı Nazirliyinə, "Aqrolizinq" ASC-yə və
Horadiz Aqroservis Filialına göndərilib. Nəzarət tədbirinin
nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə
məlumat verilib.
Kollegiya Qərarının icrası üzrə təqdim edilmiş
məlumatda 14645,7 manat məbləğində vəsaitin Cəmiyyətə, 31145,2
manat məbləğində vəsaitin müəssisənin kassasına ödənildiyi, 445,0
manat məbləğində əsas vəsaitin uçota bərpa edildiyi, 59865,0 manat
məbləğində vəsaitin kassaya mədaxil edilməklə ehtiyat hissələri
alınaraq anbara natura ifadəsində bərpasının təmin olunduğu qeyd
edilib. Həmçinin Qərarın bəzi bəndlərinin icrası ilə əlaqədar
tədbirlərin davam etdirildiyi və nəticələri barədə əlavə məlumat
veriləcəyi bildirilib.
Cinayət işinin açılmasına baxmayaraq "Aqrolizinq"
ASC-nin sədri Əli Bayramov səhhətində yaranmış problemlə bağlı
ölkəni tərk edib.