Mövsümlə əlaqədar ölkəmizdə turizm sahəsində bir canlanma müşahidə olunmaqdadır. Bir-birindən gözəl təbiəti olan bölgələrimizə artıq turist axını başlayıb. Lakin yerlərdə bir sıra ənənəvi problemlər yenə də yaşanır. Təbiət gözəl olsa da, turistləri özünə heyran qoyan hava, su olsa da, xidmət sahəsində hələ də istənilən səviyyəyə çatılmayıb. Mövcud problemlərdən biri də odur ki, bəzi xidmət obyektlərində kassa aparatları quraşdırılmır. Belə hallar ən çox da rayon mərkəzindən kənar obyektlərdə, təbiət qoynunda yaradılan yeməkxana və restoranlarda, çayxanalarda olur. Bu vəziyyət həm müştərilərin aldadılmasına, həm də vergi yayınmalarına yol açır.
Turizm sahəsi üzrə ekspert
Elxan Vəliyev Movqe.az-a açıqlamasında məsələyə münasibət bildirib.
Ekspertin sözlərinə görə, hər bir xidmət sahəsində olduğu
kimi, burda da hər bir vətəndaşın təfərrüatlı şəkildə məlumat almaq
haqqı var ki, nəyə görə nə qədər pul ödəyir: "İkinci tərəfdən
dediyiniz kimi, kassa paratlarının olmaması vergi yayınmalarına
gətirib çıxarır. Bunların hamısı planlı şəkildə olmalıdır. Son
illər turizm sahəsində xeyli işlər görülür. 2010-2014-cü il
mərhələsində turizmin inkişafıyla bağlı sərəncamlar imzalandı.
Onlara dəstək olmaq üçün müəyyən vergilərin azaldılması nəzərdə
tutuldu, mehmanxana və mehmanxana tipli obyektlərin ödənişlərin
azaldılması nəzərdə tutuldu və s. Amma bunların hamısı, söylədiyim
kimi, planlı şəkildə olmalıdır. Çünki sahibi məlum olmayan bəzi
obyektlər bunları əməl etməkdə maraqlı olmurlar. Belə olan halda
vergidən yayınmalar çoxalır ki, onların qarşısı kəskin şəkildə
alınmalıdır. Bunun üçün ilk növbədə Bakıda olduğu kimi,
mütəmadi olaraq yoxlamalar aparılmalıdır. Yoxlamaların keyfiyyəti
də burda mühüm önəm daşıyır. Vergilər və Mədəniyyət və
Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən
yoxlamalarda hansısa obyekt sahibi kassa aparatının olmamasına görə
ciddi cərimə edilsə, o biri obyekt sahibləri də bundan nəticə
çıxaracaqlar. Və zamanla belə hallar getdikcə azalacaq".
İqtisadçı-ekspert Natiq
Cəfərli mövcud problemin qarşısını almaq üçün həm sahibkarlar
arasında izahat işlərinin aparılmasını, həm də təşviqat
kampaniyalarının keçirilməsini təklif ediR: "İlkin tədbir olaraq,
əlbəttə ki, nəzarət funksiyaları gücləndirilməlidir. Lakin təkcə
vergi orqanlarının nəzarətilə bu problemi həll etmək mümkün deyil.
Bununla paralel olaraq sahibkarların məlumatlandlrılması, təşviq
olunması prosesi də baş verməlidir. Yəni, sahibkarlar
məlumatlanmalıdırlar ki, kassa aparatları quraşdırmasalar, vergidən
bu yolla yayınsalar, buna görə onları hansı cəzalar gözləyir.
Nəzərə almaq lazımdır ki, obyektlərin çoxu mövsümi xarakter
daşıyır. Yalnız yaydan-yaya fəaliyyət göstrirlər, onların
bəzilərinin qaydalaradan məlumatı da olmur. Ona görə də, geniş
izahat işi aparmaq lazımdır. Eyni zamanda təşviq proqramları
olsa, daha yaxşı olar. Kassa aparatı quraşdıran sahibkarların
müəyyən təşviq proqramı çərçivəsində mükafatlandırılması həyata
keçirilə bilər. Bundan əlavə, bəzi ölkələrin praktikasında olduğu
kimi, hər aparatdan vurulmuş çekin bir lotoreya biletinə
çevrilməsini təmin etmək və s. olar. Bununla həm sahibkarlar, həm
də dövlət orqanları birlikdə bu məsələləri həll edə bilərlər ki,
həm alıcılarda, həm də sahibkarlarda kassa aparatında işləmək üçün,
çek almaq üçün bir stimul yaransın".