Satışa çıxarılan və sexlərin istifadə etdiyi təhlükəli duru yağlar -FOTOLAR

4 İyun 2014 14:23 (UTC+04:00)

Respublikanın rayonlarında eləcə də paytaxtdakı çörək və qənnadı sexlərində təhlükəli duru yağlaran istifadə edilir. Movqe.az xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. E. Hüseynov bildirib ki, həmin təhlükəli yağlar eyni zamanda brend yağların qablarında qablaşdırılaraq satışa çıxarılır: " Təmizlənməmiş, təhlükəli duru yağlar Gəncədəki çiyid zavodunun çəlləklərindən toplanır. Sonra həmin yağlar adi polimer qablara doldurularaq çörək və qənnadı sexlərinə ötürülür. AİB-in rayon nümayəndəliklərinin və mərkəzi ofisin araşdırmaları zamanı bəlli olub  həmin yağların çoxu  əslində təmizlənməmiş çiyid yağlarıdır. Bu yağlar çox təəssüf ki, bu gün açıq-aşkar Mərkəzi aran rayonlarında Şirvan şəhərində , ətrafında, eləcə də Naxçıvani küçəsində açıq-aşkar satılır. Bu təhlükəli yağların satışından rayonun bələdiyyəsindən tutmuş, sahə müvəkkilinə, icra nümayəndəsinə qədər bütün qurumların xəbəri var. Amma nədənsə bu təhlükəli yağların satışına göz yumurlar". 

E. Hüseynov bildirib ki, həmin təhlükəli duru yağlar brend yağların qablarına doldurularaq satışa da çıxarılır: "Brend yağlarla təhlükəli yağların qatışdırılaraq satışına da rast gəlinir. Çox təəssüf  ki, alıcı həmin yağı alıb istifadə etdikdə aldadıldığını başa düşür. Amma həmin yağlar xaricdən bulanıq görüntüsünə görə də fərqlənir. Alıcılardan duru yağ alarkən diqqətli olmağı, yerli istehsal olan, tanınmış duru yağ istehsalı ilə məşğul olan şirkətlərin məhsullarına üstünlük vermələrini tövsiyyə edirəm. Bu gün yerli bazarda öz istehsalımız olan duru yağlar var ki, keyfiyyətinə görə orqanizmə heç bir fəsadı yoxdur. Buna "Azərsun" Holdinqin istehsal etdiyi duru yağ markalarını misal gətirmək olar".

E. Hüseynov bu gün təhlükəli duru yağlardan istifadə edərək çorək, qənnadı məhsul istehsal edən sexlərə də nəzarətin gücləndirilməli olduğunu söyləyib: "Nəzərə almaq lazımdır ki, həmin yağlardan istifadə edərək məhsul istehsal edən sexlər istehlakçıların sağlamlıqlarını təhlükə altında qoyurlar.Ona görə də SMPDK bu vəziyyətə ciddi nəzarət etməlidirlər". 

E. Hüseynov bu gün duz bazarında da təhlükəli duzların satıldığını, bu bazarda vəziyyəti tam olaraq düzəltməyin mümkün olmadığını söyləyib. E. Hüseynov bildirib ki, bu gün satışda kifayət qədər yodlaşdırılmamış, təmizlənmədən satışa çıxarılan duzlar var.