Yol polisi xəbərdarlıq etdi
4 İyun 2014 16:45 (UTC+04:00)
Azərbaycanın yol polisi ağır yol qəzaları ilə
əlaqədar sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq
edib.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət
Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev
Trend-ə bildirib ki, son günlər çoxsaylı insan ölümü və xəsarətləri
ilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi ilə bağlı
sürücülərə xəbərdarlıq edir:
"Təhlillər göstərir ki, son vaxtlar baş verən ağır
yol qəzalarının baş verməsinə əsasən sürət həddinin aşılması,
manevr, ötmə qaydalarının pozulması, sürücülərin avtomobili sərxoş
halda idarə etmələri səbəb olur. Xahiş edirik ki, sürücülər
özlərinin və yaxınlarının, o cümlədən yol hərəkətinin digər
iştirakçılarının həyatını təhlükəyə atmasınlar, qaydalara əməl
etsinlər".
Şöbə rəisi, həmçinin qeyd edib ki, yay mövsümü ilə
əlaqədar Azərbaycanın rayonlarına istirahətə gedənlərin, eləcə də
rayonlardan paytaxta kənd təsərrüfatı məhsullarının daşınması ilə
məşğul olan sürücülərin sayı getdikcə artır: "Ona görə də bununla
əlaqədar avtomobil sürücülərini maksimum diqqətli olmağa,
təhlükəsizlik kəmərlərindən mütləq şəkildə istifadə etməyə,
nəqliyyat vasitəsini müəyyən edilmiş sürət həddində idarə etməyə,
xüsusən də spirtli içki qəbul edəndən sonra avtomobil idarə
etməməyə və yükdaşıma qaydalarına ciddi riayət etməyə
çağırırıq".
Qeyd edək ki, son bir neçə gün ərzində
respublikanın xüsusən magistral yollarında çoxsaylı insan ölümü və
xəsarəti ilə nəticələnən ağır yol qəzaları baş verib.