Azərbaycandan köç edən ermənilər geri qayıtmaq istəyir

5 İyun 2014 08:44 (UTC+04:00)

Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriya Diaspor Jurnalistləri Birliyinin "Azərbaycanın xaricdəki əcnəbi dostları" layihəsi çərçivəsində suallara cavab verib. Suallardan birinə cavabında o bildirib ki, ona Azərbaycandan olan erməni qaçqınlar müraciət edərək, öz vətənləri olan Azərbaycana qayıtmalarına kömək etməsini xahiş edirlər.

Qeyd edək ki, Ermənistanın həyata keçirdiyi işğal siyasəti nəticəsində vaxtilə Azərbaycanda, əsasən də Bakıda yaşayan erməni əsilli insanlar da, həmin siyasətin qurbanı olublar. Yəni, onların hazırki vəziyyətlərinə görə günah birmənalı olaraq Ermənistan hakimiyyətinin üzərindədir. İndi isə onlar Ermənistanda haqlı danışdığına görə hay-küylə qarşılanan moldovalı Ombudsmandan Azərbaycana qayıtmalarına yardım etməyi xahiş edirlər. Səbəb də heç şübhəsiz ki, Ermənistan acınacaqlı sosial-iqtisadi durumdur.

Millət vəkili Fərəc Quliyev hazırki şəraitdə bu addımın mümkün olmadığını söylədi. O, həmçinin bildirdi ki, bu xahiş əslində, ictimai rəyə hesablanan blefdir: "Vaxtilə Azərbaycanda yaşayan ermənilərin Moldovalı ombudsmandan geri qayıtmalarına kömək etməsini xahiş etmələri əslində, ermənilərin növbəti bir blefidir. Onlar sadəcə olaraq, ictimai rəyə oynamaq üçün bu tip davranışları ortaya qoyurlar. Azərbaycanda heç kim ermənilərin çıxmasını tələb etməyib. Bu gün də Azərbaycanda ermənilər yaşayır. Bakının özündə xeyli sayda qarışıq ailələr mövcuddur. Həmçinin, Azərbaycanın Dağlıq Qarabağ hissəsində də ermənilər yaşayır. Azərbaycan tərəfi həmişə bildirib ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlarımızı tərk edərsə, erməni əsilli azərbaycanlıların hər cür hüquqlarını, digər ölkə vətəndaşlarında olduğu kimi tanımağa hazırdır. Bu gün erməni əsilli azərbaycanlılar Dağlıq Qarabağda Ermənistan ordusunun nəzarəti altında, girov vəziyyətindədirlər. Yəni, əslində, bu gün Azərbaycana qayıtmaq istəyən ermənilər Ermənistanın işğalı nəticəsində pis vəziyyətdə qalıb. Onlar Moldovadan olan Ombudsmana qayıtmaq üçün müraciət etməkdənsə, Ermənistan rəhbərliyinə Azərbaycana qayıtmaları üçün işğalçı ordunun geri çəkilməsi istiqamətində müraciət etməlidirlər. Ədalətli status-kvo bərpa olunsun və normal qonşuluq siyasəti də yürüdülsün. Yəni bu istiqamətdə müraciətin ünvanı Ermənistan hakimiyyəti olmalıdır".

BAXCP Ali Məclisinin sədri Teyyub Qəni isə qeyd etdi ki, ermənilərə nə indi, nə də gələcəkdə geri dönmələrinə razılıq vermək olmaz. Çünki, onlar fürsət düşən kimi yenə də Azərbaycan əleyhinə fəaliyyətdə bulunacaqlar: "Fikrimcə, ümumiyyətlə, ermənilərə indi və gələcəkdə geri dönmələrinə razılıq vermək düzgün addım olmazdı. Çünki, erməni qanında, genində türk millətinə qarşı düşmənçilik vardır. Bu tendensiya onların genindən təmizlənməyib. Əsrlər boyu ermənilərə qucaq açmışıq. Onlara Azərbaycanın ən yaxşı torpaqlarında yer vermişik. Burada ermənilər hətta ən yüksək vəzifələrdə belə təmsil olunub. Amma əllərinə fürsət düşən kimi həmişə Azərbaycan əleyhinə gediblər. Ona görə də şəxsən buradan gedən ermənilərin yenidən qayıtmalarının tərəfində deyiləm. Ermənilər Azərbaycana gəlmək istəyirsə, işğal edilmiş ərazilərin ölkəmizə qaytarılmasına yardımçı olsunlar, səhv etdiklərini, aldadıldıqlarını boyunlarına alsınlar. Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləsinlər, burada Azərbaycan vətəndaşı olaraq yaşamağa hazır olduqlarını bəyan etsinlər. Həmçinin, Azərbaycan qanunlarını qəbul etdiklərini bildirməlidirlər. Bu halda həmin erməniləri Azərbaycan tərkibində olan Dağlıq Qarabağda qəbul etməyə hazır ola bilərik. Başqa şərtlər daxilində isə onların Azərbaycanın hər hansı bölgəsində yerləşdirilməsi onların 30-50 ildən sonra yenidən separatçılıq istiqamətində baş qaldırmalarına şərait yaratmaq demək olacaq. Bu Azərbaycanın suverenliyi altına qoyulan və gec partlayan minaya bənzəyir".