Magistraturaya aparılan ixtisas seçiminin nəticələri açıqlanıb

5 İyun 2014 16:58 (UTC+04:00)

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin nəticələri elan olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən xəbərə görə, bakalavrlar nəticələrlə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər. 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısını iyunun 5-də saat 15:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.  Qəbul olunanların siyahısı iyunun 6-da "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq. Müsabiqənin nəticələrinə əsasən, ixtisas seçimində iştirak edən 7274 bakalavrdan 5126 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3431 nəfəri ali təhsil müəssisələrinin builki, 1695-i isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2101-i oğlan, 3025-i isə qızdır. Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2014-cü il iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 2014-cü ilin məzunları digər sənədlərlə birlikdə, ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.