Azərbaycanda 897 şagird imtahanlardan azad edilib

5 İyun 2014 17:00 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)bu il Azərbaycanda buraxılış imtahanlarından azad edilmiş şagirdlərin sayını açıqlayıb.  TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Movqe.az-a  bildirib ki, 2013/2014-cü tədris ilində 897 şagird buraxılış imtahanından azad olunub. Onlar Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında müəyyən xəstəliklərə əsasən buraxılış imtahanlarında iştirak etməkdən azad ediliblər. Buraxılış imtahanlarından azad edilən şagirdlərin 50%-ə yaxını paytaxt məktəblilərinin payına düşür. Belə ki, buraxılış imtahanından azad olunan 897 şagirdin 483-ü Bakı şəhərinin, 23-ü Abşeron rayonunun, qalanları isə ölkənin digər şəhər və rayonların payına düşür. Buraxılış imtahanlarından azad olunan şagirdlər üçün əlavə imtahan keçirilməyəcək və onların yekun qiymətləri illik qiymətləri əsasında çıxarılacaq.