Fermerlərin çox vaxt şikayətçi olduğu əsas məsələlərdən biri də məhsullarının satışı ilə bağlıdır. Kənd təsərrüfaıt məhsullarının yetişdiyi indik vaxtda məsələ yenidən aktuallaşıb. Vaxtında satılan bilməyən məhsullar xarab olur ki, bununla bəzən fermerin il boyu çəkdiyi əziyyət heç olur.
Kənd təsərrüfatı üzrə ekspert
Vahid Məhərrəmov Mövqe.az-a açıqlamasında məsələyə münasibət
bildirib: "Məsələ ondan ibarətdir ki, bazarda satışla məşğul olan
adamlar daimi adamlardır ki, onlar adətən, Bakı şəhərində yaşayır
və bazar sahibinə illik ödəmələr edirlər, bu yolla bazarda satış
həyata keçirirlər. Kənardan gələn fermerlər isə, bazara məhsul
gətirib özlərinə yer tapa bilmirlər. Nəzərə almaq lazımdır ki,
onlar iri həcmdə məhsul istehsal edən fermerlər deyil. Yəni, əgər
istehsalın həcmi geniş olsa, məhsulu başqa ölkə bazarına çıxarmaq
da olar, başqa tədbirlər də görülə bilər. Amma bunlar kiçik torpaq
sahiblərinin istehsal etdiyi məhsullardır. Fermerlər cəmləşib
bir yerdə onun bazarını axtarıb tapa bilmirlər. Bu halda onlar
toplanıb vahid korporasiya yaratmalıdırlar. Amma bu, zaman
tələb edən uzun iş olduğuna görə, həyata keçirə
bilmirlər".
Ekspert bildirir ki, bazarlarda məhsullara müəyyən qiymət həddi qoyulur ki, fermerlərə sərf eləmir: "Hər il deyirlər ki, satış yerləri yaradılacaq. Buna görə də kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olurlar. Ancaq təəssüflər olsun ki, sonda eyni problemlə üzləşirlər. İmkan yaratmaq lazımdır ki, fermerlər ən azından böyük şəhərlərdə kənd təsərrüfatı məhsullarını asanlıqla istehlakçılara çatdıra bilsinlər. Əslində, bu, o qədər də ciddi problemli məsələ deyil. Amma təəssüflər olsun ki, süni maneələr ortaya çıxır. Ona görə də, belə hallar baş verir".
Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Movqe.az-a
bildirib ki, hər bir fermerə məhsulunu təşkil olunan yarmarkalarda
satmaq üçün rahat şərait yaradılır: "Bu gün paytaxt Bakıda da,
ayrı-ayrı iri şəhərlərdə də tez-tez kənd təsərrüfatı yarmarkaları
təşkil olunur. Biz bütün fermerləri dəvət edirik ki, gətirib öz
məhsullarını rahat şəkildə, heç bir problemsiz burda satışa
çıxarsınlar. Mövsümlə əlaqədar indi meyvə-tərəvəzə tələbat artıb.
Təşkil elədiyimiz yarmarkalarda məhsulların əksəriyyəti də yerli
məhsullar olur. Bundan əlavə, hər bir rayonun özündə müxtəlif
bazarlar var. Kim istəyir, məhsulunu orada sata bilər. Yox, əgər
həcm böyükdürsə, onu rahat şəkildə gətirib yarmarkalarda satışa
çıxarmaq imkanı var".