Avtomobillərdə olmayan və ya işə yaramayan tibb çantaları

6 İyun 2014 11:25 (UTC+04:00)

Ölkədə gün ərzində bir neçə avtomobil qəzasının baş verməsi, bunun bəzilərinin insan həyatının itkisi ilə nəticələnməsi danılmaz həqiqətdir. Qəzaların araşdırılması zamanı üzə çıxan nəticələrdən biri də odur ki, avtomobillərin çoxunda belə hallar zamanı ilkin yardım göstərmək üçün lazım olan tibbi yardım çantaları demək olar ki, yoxdur.  Sürücülər bir çox hallarda buna önəm vermirlər. Halbuki, təcili tibbi yardım maşını qəza yerinə yetişənə kimi müəyyən bir vaxt keçir. Həmin vaxt ərzində bəlkə də müəyyən kömək etməklə qəzada yaralanan şəxsin həyatını xilas eləmək olar. Bundan başqa sürücülərin və onların yanında olanların  hadisə zamanı ilkin yardım kim təcrübəsi də yox dərəcəsindədir. 

Həkim Adil Qeybulla bildirir ki, avtomobillərdə ilk yardım çantasının mövcud olması qədər, sürücülərin ilk yardım göstərmə bacarıqlarının olması da vacibdir: "Bəzən ekstremal durumlarda ilkin yardım ən az həkim yardımı qədər zəruridir. Zərərçəkmiş şəxsin zərərli təsirdən uzaqlaşdırılması və həkiməqədərki yardımın göstərilməsi bəzən onun həyatının xilas edilməsinə gətirib çıxarır. Amma təəssüf ki, bizdə həkiməqədərki ilk tibbi yardımın göstərilməsindən nəinki sürücülər, insanların çoxu məlumatsızdırlar. Çətin vəziyyət yarananda çaş-baş qalırlar. Onda heç çantadan istifadə də yada düşmür. Çünki, çantadan istifadə üçün ilk növbədə bilgi lazımdır. Bilgi olmasa, tibbi yardım çantası onsuz da mənasını itirir. Ona görə də, ekstremal durumlarda ilkin tibbi yardımı göstərmək lazımdır. Yəni, qanaxmanın dayandırılması, müxtəlif iynələrin vurulması, nəfəs yoluna yad cisim düşübsə, kənarlaşdırılması, qatlanan dilin çıxarılması, zərərçəkmiş şəxsə müxtəlif cür köməyin göstərilməsi və s. bütün bunlar vacib nüanslardır ki, həkim gələnə qədər düzgün yardım göstərilməsi xəstənin həyatını xilas edə bilər. Məsələyə kompleks yanaşılmalıdır. Çantayla iş bitmir. Çantanın içində lazımi ləvazimatlar olmalıdır. Belə çantalar adətən xarici istehsal olan maşınlarda yerləşdirilir. Amma çoxu sonradan atılır. Hal-hazırda avtomobil ləvazimatları satılan dükanlarda mövcud çantaların bəzilərinin içindəki ləvazimatlar heç keyfiyyətli olmur. Protokol əsasında tərtib olunmalıdır ki, orada məsələn, qan dayandıran spirt olmalıdır, müxtəlif antiseptik iynələr olmalıdır və s. Bu  preparatların da vaxtı keçdikcə yenilənməlidir. Çox vaxt insanlar çantanın içindəki ləvazimatlara nəzarət eləmir, vaxt keçir, dərmanlar xarab olur. Çantalara daimi nəzarət, avtomobilin bütün hissələri kimi, buna da diqqət lazımdır".  

Həkim onu da əlavə edib ki, ilkin  tibbi yardım vərdişləri sürücülər üçün keçirilən kursların tərkibində, də ayrıca kurs kimi də keçilə bilər. Daha uğurlu variantlar da seçilə bilər.     

Əslində, nəqliyyat vasitələrində tibb çantalarının olmasına dövlət nəzarəti də var. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Movqe.az-a açıqlamasında bildirib ki, nəqliyyat vasitəsi texniki baxışdan keçdiyi vaxt bu yoxlanılır: "Onun içində olan dərman preparatlarının vaxtının keçib-keçməməsi, Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan siyahıya uyğun gəlib-gəlməməsi və s. nəzarət olunur. Dərman preparatları ilə təchiz olunmayan nəqliyyat vasitələrinin sürücüləri də inzibati məsuliyyətə cəlb olunurlar. Amma təəssüf ki, bu cərimə məbləği çox aşağıdır. İnzibati Xətalar Məcəlləsinin 166.1 maddəsinə müvafiq olaraq, bu cür dərman preparatları ilə təchiz olunmayan nəqliyyat vasitələrinin istifadəsinə görə, 3 manatdan 5 manata qədər miqdarda cərimə nəzərdə tutulub. 

Tibb çantası ilə təchiz olunmayan avtomobil sürücülərinin məsuliyyətinin gücləndirilməsi bu sahəyə xüsusi təsir edə bilər. Amma çox təəssüflər olsun ki, hətta belə dərman qutuları ilə təchiz olunan nəqliyyat vasitələrinin sürücüləri belə yollarda ağır xəsarət alan insanlara yardım etməyə çəkinirlər, qorxurlar. Düşünürəm ki, müəyyən səhiyyə təşkilatları tərəfindən də maarifləndirici, təbliğat xarakterli işlər aparılması yaxşı olardı".