Nazirdən təklif
6 İyun 2014 13:00 (UTC+04:00)
Sənaye sahələri ilə ali təhsil müəssisələri
arasında əlaqələr daha da genişlənməli və sənaye müəssisələri kadr
hazırlığında bilavasitə iştirak etməlidir. Movqe.az xəbər verir ki,
bunu təhsil naziri Mikayıl Cabbarov "Bakıeletrikşəbəkə" ASC ilə
birgə təşkil edilmiş "Eleketroenergetikada kadr problemləri -
Gələcəyə baxış" adlı konfransda deyib. Nazirin sözlərinə görə, hazırda təhsilin keyfiyyəti və
iqtisadiyyatın inkişafının mövcud tələbləri arasında fərqin aradan
qaldırılması üçün sənaye sahələri ilə ali təhsil sistemi arasında
sıx əməkdaşlığın qurulması zərurətə çevrilib: "Xüsusi diqqət təhsil
alanların istehsalat təcrübəsinə, birbaşa onların gələcək iş
yerlərində təşkil olunmasına yönəlməlidir. İstehsalat təcrübəsinin
düzgün təşkili və onun nəticələri həm işəgötürən, həm də tələbə
üçün gələcək iş fəaliyyəinə dair düzgün seçim etməsi baxımından
mühüm faktordur. Eyni zamanda istehsalat təcrübəsi təhsil
müəssisəsi üçün verdiyi təlimin nəticələrini kənardan ölçülməsi
alətinə çevrilməli və tədris müəssisənin təkmilləşdirilməsi
istiqamətlərini müəyyən etməlidir".
M.Cabbarov qeyd edib ki, ali təhsilin və
bütövlükdə kadr hazırlığının keyfiyyəti əhəmiyyətli dərəcədə təhsil
proqramının dövlət standartlarının məzmunundan asılıdır. Təhsil
Nazirliyi hazırda təhsil proqramlarının dövlət standartlarını
yeniləşdirərək təkmilləşdirilməsini həyata keçirir. Bu məqsədlə
Təhsil Nazirliyi işə götürənlərlə, sənaye müəssisələri, dövlət
qurumları ilə müvafiq işlər görür və müvafiq dövlət strukturlarına
müraciət hazırlayıb: "Sənaye müəssisələrinin reak təklifləri
əsasında hazırlanacaq yeni təhsil proqramları əsasında aparılacaq
tədris müasir tələblərə cavab verən kadr hazırlığını təmin etməyə
zəmin yaradacaq".