Azərbaycanda alternativ məhkəmə ekspertiza qurumlarının yaradılması təklif edilir
6 İyun 2014 18:16 (UTC+04:00)
Azərbaycanda alternativ məhkəmə ekspertiza
qurumlarının yaradılması təklif edilir.
Milli Məclisin deputatı Zahid Oruc Trend-ə
açıqlamasında bildirib ki, son dövrlər məhkəmə hüquq sisteminin
təkmilləşdirilməsi üçün uğurlu islahatlar aparılıb. Lakin məhkəmə
işlərinin obyektivliyini daha da artırmaq üçün alternativ məhkəmə
ekspertiza qurumları yaradılmalıdır.
Deputat deyib ki, bu gün müxtəlif məhkəmə
çəkişməsində üz-üzə dayanan tərəflər arasında ən çox inamsızlıq
doğuran məsələlərdən biri ekspertizanın obyektivliyidir. Onun
sözlərinə görə, ekspertizanın obyektivliyi məsələsi tərəflərin
hansı birinin haqlı olub-olmamasından asılı olmayaraq, bütövlükdə
işə təsir edir: "Təəssüf ki, Azərbaycanda özəl məhkəmə ekspertiza
prosesi yoxdur. Bu, yalnız dövlətin müvafiq qurumları tərəfindən
həyata keçirilir".
Z.Oruc alternativ məhkəmə ekspertiza qurumlarının
yaradılması üçün qanunvericiliyə dəyişikliyi labüd
sayır.
Qeyd edək ki, bir qrup ekspert məhkəmə
ekspertizasının dövlətin inhisarından çıxarılması ilə müstəqil
ekspertiza qurumlarının yaradılmasını zəruri hesab
edir.
Alternativ mövqedə olanlar isə belə iddia edirlər
ki, müstəqil ekspertiza qurumlarının yaradılması bu sahədə
qarışıqlıq yaradacaq və əldə olunan ekspert rəylərinin həqiqiliyi
şübhə altında olacaq.