Azercell – Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”-na qoşulan ilk mobil operator oldu

6 İyun 2014 21:59 (UTC+04:00)

Ölkənin Mobil rabitə bazarının şərtsiz lideri olan Azercell Telekom fəaliyyətə başladığı gündən daim abunəçilərinin rahatlığını düşünüb, mütəmadi şəkildə yeni xidmət və layihələr təqdim etməklə bu sahədə uğurlu fəaliyyətini davam etdirir. Şirkət tərəfindən hələ keçən ay məlumat verildiyi kimi, əhalinin onlayn xidmətlərə olan ehtiyacın armasını nəzərə alaraq, bu cür ödəmələrin maksimal şəkildə rahatlığı və etibarlılığını təmin etmək üçün daha bir yenilik təqdim edib. Beləliklə, 6 iyun, 2014-cü il tarixindən etibarən Azercell Mərkəzi Bankın Hökumət Ödəniş Portalına(HÖP) qoşulan ilk mobil operator olaraq abunəçiləri üçün yeni unikal xidməti mümkün etdi. Bu sistem Azercell abunəçilərinə mobil rabitə üçün bütün ödənişlərini bank filialları və Azərpoçt şöbələri vasitəsilə onlayn rejimdə həyata keçirməyə imkan verir. HÖP sistemindən istifadə etmək üçün abunəçi ilkin olaraq www.apus.az internet səhifəsinin "Ödəniş xidmətləri" bölməsinin "Real rejimdə qeydiyyat" keçidinə daxil olmalıdır. Həmin səhifədə abunəçi həm şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək qeydiyyatdan keçməklə, həm də qeydiyyatdan keçmədən ödəmə həyata keçirə bilər. Onlayn ödəmələrdən başqa abunəçilər, həmçinin, bütün bankların istənilən filiallarında və Azərpoçt xidmətinin bütün mərkəzlərində mobil rabitə üçün ödəniş edə bilər. Qeyd edək ki, Azercell bu sistemə qoşulan ilk mobil operatordur. İndiyə qədər HÖP sisteminə yalnız dövlət qurumları daxil idi. Məlumat üçün onu da bildirək ki, HÖP sistemi vasitəsilə həyata keçirilən ödənişlər üçün abunəçilərdən heç bir xidmət haqqı tutulmur. Bu sistemin daha bir müstəsna üstünlüyü ondan ibarətdir ki, ödəniş edərkən abunəçiyə Mərkəzi Bank tərəfindən internet üzərindən rəsmi şəkildə qəbz təqdim ediləcək ki, bu da, öz növbəsində, mobil rabitə xərclərini ödəyən təşkilatlar üçün böyük əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, sözügedən sistem elektron xidmətlərin genişləndirilməsi ilə əlaqədar dövlət qurumları tərəfindən həyata keçirilən layihələrin tərkib hissəsidir. Bunların arasında, həmçinin, bir müddət əvvəl işə salınan ASAN xidməti qeyd etmək olar ki, onun çərçivəsində, ənənəvi olaraq, Azercell "Asan İmza" xidmətini tətbiq edən ölkənin ilk mobil operatoru olmuşdur.

Azercell Telekom MMC gələcəkdə də, abunəçilərinə keyfiyyətli rabitə ilə yanaşı, ölkəmizdə unikal xidmət növləri, sərfəli tarif paketləri və endirim kampaniyaları təqdim etməkdə davam edəcək.