"Hərbi amil dövlətin mövqelərini gücləndirir"

7 İyun 2014 21:09 (UTC+04:00)
"Hərbi amil hər zaman bir dövlətin siyasi, iqtisadi imkanlarını və mövqelərini gücləndirir. Bu, təkcə təhlükəsizlik mənası daşımır". Movqe.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc YAP-ın saytına açıqlamasında deyib. 

Z.Oruc bildirib ki, ölkəmiz təcavüzə məruz qalmasına baxmayaraq, özünü ayaqda saxlayıb və sürətlə inkişaf edir. Onun sözlərinə görə, dövlətimiz öz imkanlarını səfərbər edərək uğurlu siyasət həyata keçirmək nəticəsində öz potensialını xeyli gücləndirib.

"Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, Azərbaycan təkcə hərbi gücünü artırmır, burada iqtisadi resurslar da müharibə üçün önəm daşıyır. Bununla belə insani resurslar, informativ və diplomatik imkanlar və s. hamısı vahid tələbə tabe edilir. Bu mənada da düşünürəm ki, Azərbaycanın son illər hərbi resurslarının yenidən qurulması, silahlı qüvvələrinin təzədən formalaşması və daha da üst səviyyəyə gətirilməsi üçün çox böyük miqyasda işlər görülür. Bütövlükdə götürdükdə isə bütün bu məsələlər Azərbaycanın ümumi gücünə təsir edir".