Bodrum sammitinə qatılmayan prezidentdən xəbər var
8 İyun 2014 12:00 (UTC+04:00)
Bir neçə gün öncə Türkiyənin Bodrum şəhərində
keçirilən sammitdə iştirak etməyən Özbəkistan prezidenti İslam
Kərimov "Özbəkistanda ərzaq proqramının həyata keçirilməsinin mühüm
tərəfləri" mövzusunda Daşkənddə keçirilən Beynəlxalq konfransda
iştirak etmək üçün bu ölkəyə gələn BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da
Silva ilə görüşüb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
İslam Kərimov qonağı salamlayaraq deyib ki, Özbəkistan 2001-ci
ildən FAO-nun üzvüdür və bu illər ərzində ölkədə 8 milli və
regional layihə həyata keçirilib, hazırda isə 5 belə layihə öz
həllini gözləyir.
Görüşdə qeyd edilib ki, FAO ərzaq məhsulları o
cümlədən kənd təsərrüfatı ehtiyatları üzrə dünya və regional
balansın formalaşması, yeni seleksiyanın tətbiqi, müasir kənd
təsərrüfatı texnika və avadanlıqlarla təchiz olunması, sağlam və
yararlı qidalanma problemlərinin dünya səviyyəsinə qaldırılması
istiqamətində mühüm rol oynayır.
Diqqətə çatdırılıb ki, Özbəkistanda FAO-nun
yardımı ilə su təchizatı və su ehtiyatlarının idarə edilməsi ilə
bağlı müasir texnologiyalar tətbiq olunur, mütəxəssislər
hazırlanır.
Joze Qratsiano da Silva əmin olduğunu bildirib ki,
Daşkənddə keçirilən forum bəşəriyyətin başlıca problemi olan ərzaq
təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatının inkişafı
istiqamətində mühüm platforma olacaq.