Azərbaycanlı jurnalist Kiyevdə deputat oldu (FOTO)
8 İyun 2014 18:07 (UTC+04:00)
"Azərbaycanlı jurnalist Rəna Nəzərova Kiev şəhər
şurasında ilk azərbaycanlı deputat oldu".
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət
Cavadov bildirdi. Onun sözlərinə görə, Kliçko və Poroşenkonun
qələbəsindən sonra azərbaycanlıların Ukraynada hansısa vəzifələrə,
icra strukturlarına irəli çəkiləcəyi gözlənilir.
"Bu haqda danışıqlar aparılır. İlk sevindirici
xəbər Rəna Nəzərovanın Kiev şəhər şurasına deputat seçilməsi oldu.
Vilayətlərdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun
sədrləri və üzvləri ən yaxın gələcəkdə dövlət strukturlarında
diasporumuzu təmsil edəcəklər. Azərbaycan diasporunun, eləcə də
rəsmi Bakının bu məlum məsələlərdə Ukraynanın ən çətin anlarında
yanında olması, ona dəstək verməsi bu danışıqlara əsas verir", -
deyə Hikmət Cavadov dedi.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun
sədri Ukraynada keçiriləcək parlament seçkilərində də aktiv
olacaqlarını qeyd etdi.
"UABD ölkənin siyasi həyatında aktivləşib. Bu
təşkilata inam artıb. Kiyev şəhərində prezident Petro Poroşenkonun
inaqurasiya mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay
Əsədov də iştirak etdi. Ümumiyyətlə, Azərbaycan Prezidentinin
Ukrayna ilə bağlı atdığı qətiyyətli addımlar və Ukrayna xalqına
verdiyi dəstək burda Azərbaycanın mövqeyini çox gücləndirdı", -
deyə Hikmət Cavadov vurğuladı.
Qeyd edək ki, jurnalist Rəna Nəzərovanın
namizədliyi məşhur boksçu Vitali Kliçkonun lideri olduğu "UDAR"
blokundan irəli sürülmüşdü. O, Kiyev dövlət telekanalının
əməkdaşıdır. Həmin kanalın "Kievski forum" proqramının baş
redaktoru vəzifəsində çalışır.