Qənirə Paşayeva Malaziyanın rəsmi nümayəndə heyəti ilə görüşdü
8 İyun 2014 22:08 (UTC+04:00)
Millət vəkili Qənirə Paşayeva Malaziyanın rəsmi
nümayəndə heyəti ilə görüşüb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
millət vəkili Qənirə Paşayeva Parisdə keçirilən Ümumdünya Qadın
Sammiti çərçivəsində Malaziyanın Birinci Xanımı Datin Rozmah binti
Mansor, Qadın, Ailə və Cəmiyyətin İnkişafı naziri Dato Rohani Abdul
Karim, Beynəlxalq Ticarət və Sənaye nazirliyinin baş katibi Datuk
Dr. Rebekka Fatima Sta. Marianın rəhbərlik etdiyi Malayziya
nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı millət vəkili Qənirə Paşayeva
Azərbaycanın bütün istiqamətlərdə Malaziya ilə əməkdaşlığın
inkişafına önəm verdiyini deyib.
Azərbaycan parlamentinin Malayziya ilə əlaqələrin
və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili
parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu
istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət
yaratdığını deyib.
Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara
Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri ilə bağlı
məlumatlar verib. Sammit çərçivəsində keçirilən görüş zamanı
Malayziya nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz
minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz
yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların
fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən
pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı
qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə
dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar
verib.
O, deyib ki, dünyanın harasında yaşamasından asılı
olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu
qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və
buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və
məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini
artırmalıdırlar.
Millət vəkili Qənirə Paşayeva Malayziya heyətinə
Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı
20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları,
Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi
Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni,
dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən
"Azərbaycan Həqiqətləri" filmləri kataloqunu və materialları təqdim
edib. Millət vəkili nümayəndə heyətinə həmçinin Azərbaycan
mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib. Millət
vəkili Qənirə Paşayeva Malayziya nümayəndə heyəti üzvlərini hər
zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və
onları Azərbaycana dəvət edib.
Malayziya heyəti böyük məmnuniyyətlə Azərbaycanı
görmək istədklərini bildirib.
Malaziyanın da Azərbaycanla əməkdaşlığın,
dostluğun inkişafına böyük önəm verdiyini deyən nümayəndə heyəti
üzvləri iki ölkə arasında münasibətlərin getdikcə daha da surətlə
inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın
siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri
arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi,
münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər
olduğu xüsisi vurğulanıb.