Komitə sədrindən Azərbaycanda istehsal olunan benzinlə bağlı sərt açıqlama

9 İyun 2014 15:05 (UTC+04:00)

Azərbaycanda istehsal olunan benzin "Euro-4" standartına da uyğun gəlmir. Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.  O xatırladıb ki, ölkəmizdə yalnız "Aİ-92" markalı benzin istehsal olunur: "Artıq ölkə KİV-lərində də bununla bağlı gedən informasiyalarda ciddi narazılıqların olduğunu görürük. Məsələn, bildirirlər ki, "Premium" markalı benzin alırıq, amma çox çəkmədən avtomobilin motorunda problemlər yaranır. Təbii ki, problemlər olacaq. Çünki, həmin avtomobil bu markaya uyğun gəlmir və başqa parametrlərə uyğun olduğu üçün digər markalı benzində istifadə olunmalıdır".

 

Azərbaycana idxal olunan yanacağın isə təmiz və yüksək səviyyəli benzin olduğunu deyən R. Həsənov bəzi sürücülərin məntəqələrdə benzin doldurulan zaman aldanmaları və digər problemlərə də aydınlıq gətirib. Komitə sədri bununla bağlı bir neçə dəfə monitorinq keçirdiklərini, hələlik bununla bağlı problemlə qarşılaşmadıqlarını deyib: "Bəzi hallarda isə sürücülərin özləri avtomobillərini normadan da artıq benzinlə doldurulmasını tələb edirlər. Bu da sonda qeyd etdiyimiz problemlərin ortaya çıxmasına səbəb olur. Ancaq 10 litr əvəzinə 7 litr benzinin vurulması ilə bağlı məlumat almamışıq. Düzdür, bəzi benzin aparatlarında müəyyən problemlər yaranır və həmin məntəqənin rəhbərliyi dərhal bu barədə bizə müraciət edirlər. Mütəxəssislərimiz də həmin məntəqəyə gedərək, problemi dərhal aradan qaldırırlar".

 

R. Həsənov deyib ki, Bakıda yanacaqdoldurma məntəqələrinin sayı çox olduğu üçün, komitənin mütəxəssislərinin hər gün bu məntəqələrdə yoxlama aparmaları qeyri-mümkündür: "Buna görə də bu məntəqələrin rəhbərləri qanunvericiliyə uyğun olaraq, hər gün yoxlama aparmalı və problem olduğu təqdirdə bizə məlumat verməlidirlər. Onlar da bizə mütəmadi məlumat vermədikləri üçün cərimələmək məcburiyyətində qalırıq".