“Dedim, üçüncü uşaq olmasa…” -Deputat

9 İyun 2014 17:35 (UTC+04:00)

Siyasi elmlər doktoru, professor, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həm də ailə başçısı, ər, ata və nəhayət, babadır.

Hər zaman kürsülərdə çıxışlarını izlədiyimiz Hadi Rəcəbliyə bu dəfə sosial məsələlərlə bağlı yox, onun özü haqda sual verəcəyik.

- Hadi müəllim, əvvəlcə hər zaman sizin də daha çox qaldırdığınız ailə mövzusundan başlayaq. Sizcə, ideal ailəyə sahib olmağın sirri nədir?

- İdeal sayılan şeylər çox azdır. Ailənin ideal olmasının dəqiq düsturu yoxdur. Çox az kriteriya və dəyərlər var ki, hamı tərəfindən ideal sayılsın. Hərənin ideal saydığı öz dəyərləri var. Amma ailədə bəzi dəyərlər var ki, onlar təməl dəyərlərdir. Təməl dəyərlər mənəviyyatdan, dindən, ata-babamızdan gəlir. Məsələn, qadının və kişinin cəmiyyətdə, həyatda öz yerinin olduğu kimi. Kişi qazanıb gətirməli, ailəyə başçılıq, rəhbərlik etməli, qadın ev təsərrüfatı, uşaqların gündəlik tərbiyəsi, geyimi, ümumiyyətlə ailənin gündəlik qayğıları ilə məşğul olmalıdır. Ana bir növ danışmaqla, ünsiyyətlə, təşviqatla tərbiyəni həyata keçirməlidir. Kişi isə təşviqat nümunəsidir. Duruşu, davranışı, söhbətləri ilə uşaqlarına nümunəvi ata olmalıdır. Ciddilik atanın hörmətini qaldırır.

Ailə qurmaq üçün sevgi-məhəbbət, əlbəttə ki, əsas şərtdir. Sevgi-məhəbbətin bir neçə forması var. Biri qızın danışığına, biri gözlərinə, biri yerişinə vurulur, biri kök qız sevir, biri nərmanazik qız seçir. Beləliklə, məhəbbətin gözü kor olur və oğlan bəzən hisslərə uyur, yalnız bir şey görür. Yəni bu seçimin özündə də bir ideallıq yoxdur. Könlünün seçdiyi insanın sevdiyidir.

Bir də ailədə tərəflər güzəştə getməyi bacarmalıdır. Söz-söhbətsiz ailə olmur. Lakin bunu tənzimləmək, cilalamaq lazımdır. Ailənin həmişə imkanı eyni olmur. Mənim həyat yoldaşım Bakıdan Lənkərana bizə ərə gəldi. Kasıb oğlan idim, komsomolun ikinci katibiydim. Ailəmiz böyük idi, altı bacı-qardaş, ana, ata. 130 manat maaş alırdım, bununla dolanırdıq. O, buna dözdü. Onun dözümü bir zaman sonra ailəmiz üçün yol açdı. Beləliklə, ailənin təməli üçün başlıca şərtlərdən biri iki insanın bir-birini başa düşməsi, başa düşmək istəməsi, başa düşməyəndə bir-birinə güzəştə getmək bacarığının olmasıdır. Hər bir emosional məqamda iki nəfərdən biri təmkinli olsa, o məqamı keçirmək olar. Yoxsa bu boşanmalara kimi gətirib çıxarır.

- İndi boşanmalarda daha çox imkansızlıq əsas gətirilir. Yəni kişinin daha az qazanması, qadının isə bununla razılaşmaması kimi.

- Mən bu fikrin tamamilə əleyhinəyəm. Bəzən görürsən ki, imkanları məhdud olan iki gəncin sevgiləri onları elə möhkəmləndirir ki, onlar nəyinsə uğrunda mübarizə aparırlar və ona nail olurlar. Bu gün böyük uğur qazanan, vəzifə sahibi olan insanların taleyinə nəzər salsaq görərik ki, əksəriyyəti buna kasıblıqdan, fəhləlikdən gəlib. Möhkəm ailə qurmaq üçün əsas şərtlər insanın özünə uyğun adam seçməsidir. Burada xasiyyət, maliyyə imkanlarının uyğunluğu da əsasdır. Onlardan birinin varlı, birinin kasıb olması qeyri-münasibdir. Ən vacib məsələlərdən biri də bu seçimdə böyüklərin, ağsaqqalların, ailənin iştirakının olmasıdır. Emosiyalara uymamaq, ağıllı davranmaq ömürlük ailənin yaranmasına səbəb olur. Ailənin təməlinin möhkəm olması üçün bir neçə il o ailəyə böyüklərin diqqəti, qayğısı olmalıdır. Müdaxiləsi yox, diqqəti, qayğısı olmalıdır ki, o ailə möhkəm olsun, ayaqda dursun.

- Böyüklərin və qohum-əqrəbanın məsləhəti ilə də ailələr qurulur. Sizcə, belə ailələrdə hansı problemlər yarana bilər?

- Bəzi qızlar var ki, yalnız işə gedir, işdən gəlir. Bir yaxını ona deyir ki, filənkəsin bir oğlu var, səninlə maraqlanır, tanış edim, sənə uyğundur, evlənməyiniz məsləhətdir. Bunu valideyn də edə bilər. Valideynlərin məsləhətinə, zəmanətinə pis baxmaq lazım deyil. Sənin əlini-qolunu bağlayıb ərə vermirlər ki. Yenə də seçim qızın özündə olur və olmalıdır.

- Sizə elə gəlmirmi ki, bu gün Azərbaycan qadınlarının mövqeyi dəyişib? Yəni qadınlar heç də yalnız evdə oturub, ev qayğıları, uşaq tərbiyəsi ilə məşğul olmurlar. İşləyib, pul qazanıb ailə saxlayırlar.

- Sizinlə tam razıyam. Bəs niyə belə olub? Baxın, evdə oğlan uşağının tərbiyəsi ilə kim məşğul olur – ana, qadın. Bəs məktəbdə? Yenə qadın müəllim. Oğlan kişi kimi böyüyə bilmir, qıza bənzəmək istəyir. Oğlanla daha çox ata məşğul olmalıdır. Oğlanı kişi kimi böyütmək lazımdır. İdmana qoymaq, onda mübarizə hissi aşılamaq, inamlı böyütmək lazımdır. İdman kişilərdə uğur, qələbə sevinci yaradır. Biz həmişə kasıblıqdan çıxmağın yollarından danışanda deyirik ki, bunlar ağıl-təhsil və sağlamlıqdır. Sağlamlıq da idmandır. Bunlar olmadıqda oğlan kişi kimi yetişmir və qadınların mövqeyi daha üstün olur.

Amma əsl kişi pul qazanmağın yollarını bilməldir. Əgər aldığı məvaciblə ailəsini dolandıra bilmirsə, əlavə bir işlə də məşğul olmalıdır.

- Dediniz ki, şəhərli qız kənddə yaşayan kasıb oğlana ərə gəlib. Bəs buna necə nail ola bilmisiniz?

- Mən Lənkəranda ortabab müəllim ailəsində böyümüşəm. 12 yaşından fəhlə işləyib, çörək pulu qazanmışam, yeşik mismarlayırdım. Bizim həyətdə mənim indiki həyat yoldaşımın xalası yaşayırdı. O, da tətillərdə xalasıgilə gəlirdi, nazlı-qəmzəli, nərmanazik qız idi. O qədər ona baxanda çaşıb çəkici əlimə vurmuşam ki. Mənim üçün əlçatmaz qız idi. Atası imkanlıydı, yaşımız az idi, mən səkkizinci, o, altıncı sinifdə oxuyurduq. Sonra zaman gəldi, mən komsomolun 2-ci katibi, o da M.Ə.Sabir adına Pedaqoji Texnikumun komsomol katibi oldu. Zaman gəldi, biz yenidən rastlaşdıq, qovuşduq və ailə qurduq. O da şəhərdən kəndə gəlin gəldi.

- Dörd övladınız var. Siz onların ailə qurmaq seçiminə qarışmısınız?

- Bəli. İki qızımın da ailə qurma seçimini həyat yoldaşımla mən etmişəm. Yəni gələn elçilər içərisindən hansının daha münasib olduğu haqda biz qərar vermişik. Amma demişəm ki, qızlarım özləri də fikir bildirsinlər. Özü də qızlarımız tez ailə qurublar, 18 yaşında. Mən özüm də bunun tərəfdarı olmuşam. Qızlarla bağlı məsələdə konservativ mövqe tutmuşam.

Oğlanlarımız isə ailə qurmaq seçimlərini özləri ediblər. Düzdür, biz də müdaxilə etmişik, fikirlərimizi bildirmişik. Amma son söz onların olub və sevdikləri qızla ailə qurublar. Böyük oğlum sevdiyi qızla evləndi. Balaca oğlum isə nəvəmin rəfiqəsi ilə ailə qurub. Aralarında 10 yaş fərq var idi. Lakin biz heç də onun bu seçiminə qarşı çıxmadıq və xoşbəxt də ailələri var.

- Qısqancısınız? Ailədə hansı qadağalarınız olub?

- Qısqanclıq insana xas olan hissdir. Hər bir hiss əndazəsində olanda yaxşıdır. Əndazəsini, normasını keçəndə korlanır. Həyat yoldaşım komsomol katibi olub, asıb-kəsən "erkək" bir qız olub, onu qısqanmağın yeri olmayıb.

- Ailədə neçə uşağın olmasının tərəfdarısınız?

- Bizim ailədə 6 bacı-qardaşım olub, özümüzün də dörd övladımız var. Oğlumun iki uşağı var idi. Mən bununla razılaşmırdım. Tez-tez yoldaşıma deyirdim ki, oğluma, gəlinimə bildirsin ki, mütləq onların ailəsində üçüncü uşaq dünyaya gəlməlidir. Amma görürdüm ki, aylar ötdü, il oldu, bir nəticə yoxdur. Bir gün də həyat yoldaşıma dedim, get onlara de ki, onların evində üçüncü uşaq olmasa, bizim evimizdə beşincisi olacaq. İki gün sonra gəldilər ki, siz Allah, bizi biabır eləməyin. Bundan sonra üçüncü uşaqları dünyaya gəldi.

Bir maraqlı hadisə də danışım. Millət vəkili Hüseynbala Mirələmov mənim uşaqlıq dostumdur, orta məktəbdə sinif yoldaşım olub. İndi də parlamentdə parta yoldaşıyıq. Biz evlənəndə şərt kəsdik ki, onların evində neçə uşaq dünyaya gəlsə, bizdə də elə olacaq. O, bizdən dörd ay əvvəl evlənmişdi. Onlarda bir uşaq dünyaya gəldi, biz də də, dedik, bir-bir. İkinci oldu, bizdə də ikinci uşaq dünyaya gəldi, dedik iki-iki. Beləliklə, hər ikimizin ailəsində dörd uşaq doğuldu.

Ailədə üç uşağın olması normaldır. Amma ailənin maddi imkanları varsa, dörd uşağın olmasının nəyi pisdir ki? Ailədə iki uşağın olması isə düşünürəm azdır. Çünki nə qardaş olur, nə bacı, uşaq da ərköyün böyüyür. Ailələr bu haqda düşünməlidirlər.

Azərbaycanda illik təbii artım 130 min nəfərdir. Bu yaxşı bir göstəricidir.

- Hadı müəllim, evdə görə biləcəyiniz hansısa iş var? Məsələn, xırda təmir işləri, ya lazım gəldikdə mətbəxdə xanımınıza yardım etmək və s kimi.

- Yox, anam məni bu baxımdan ərköyün böyüdüb, heç çay da dəmləyə bilmirəm. Əvvəllər hərdən yoldaşıma kömək edərdim. Qonaq gələndə süfrə bəzəməyi xoşlayardım. Qonaq qəbul edəndə salatları doğramaq, süfrəyə forma vermək kimi işləri edərdim. Təkcə qayğanaq bişirə bilərəm. Amma nə vaxtsa yemək bişirmək, qab yumaq kimi işlər görməmişəm. Yəni buna ehtiyac da olmayıb.

- Dükan-bazara gedirsiniz? Evdə hansı yeməklərin daha çox bişirilməsini istəyirsiniz?

- Xaricdə bazarlıq edirəm. Amma həyat belə gətirib ki, heç vaxt bazarlıq etməmişəm. Bazarlığımızı həyat yoldaşım edir. Tərəvəz yeməklərinə daha çox üstünlük veririk. Badımcan ləvəngisini, badımcan sırdağını, Şəki pitisini sevirəm. Həyat yoldaşım yaxşı piti bişirir. Amma daha çox göyərtili və tərəvəzli yeməklər yeyirik. Çalışıram ki, köklük verməsin deyə, ətli və yağlı yeməkləri az yeyim. Görkəmcə belə kök görünməsəm də istədiyim normadan altı kilo çoxam. Onu azaltmaq istəyirəm, amma bacarmıram. Ailem.az