Bakının bahalı villaları

10 İyun 2014 09:14 (UTC+04:00)

Ölkədə baş verən iqtisadi inkişaf fonunda paytaxt Bakı və bölgələrdə çoxsaylı dəbdəbəli villalar da tikilir. Bu, həm də əhalinin alıcılıq qabiliyyətinin müəyyən qədər yüksəlməsinə də bir işarədir. Amma məsələ ondadır ki, Bakıda dəbdəbəli villaların qiymətləri xarici ölkələrdəki anoloji tikililərin qiymətləri ilə müqayisədə baha satılır. Maraqlıdır, dəbdəbəli villalarda özünü göstərən bu bahalılıq nə ilə bağlıdır?

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanlı burada günahı kənar xərclərin çox olmasında axtarmağı lazım bildi: "Bakıda dəbdəbəli villalara da, digər tikililər kimi çəkilən xərclər xarici ölkələrdəkinə nisbətən daha çoxdur. Ölkəmizdə tikinti zamanı görünməyən xərclərin meydana çıxması, ortalıqda həddən artıq xərclərin olması nəticəsində tikintiyə çəkilən xərcin maya dəyəri də olduqca artır. Son olaraq da, Bakı şəhərində tikilən villaların qiyməti xaricilərlə müqayisədə daha fantastik həddə görünür. Villa tikintisi məsələsində də qiymətə təsir edən əsas amil məhz kənar xərclərdən qaynaqlanır".

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimov isə Bakıda dəbdəbəli villaların qiymətinin xariclə müqayisədə baha olması ilə razılaşmır: "Ölkəmizdə mənzilin kvadratmetri indiyə kimi 4500 manatdan artıq olmayıb. Avropa ölkələrinin bəzilərinin paytaxtında isə elə villalar var ki, kvadratmetri 45-50 min avroya başa gəlir. Belə götürəndə Azərbaycanda dəbdəbəli villaların qiymətinin də onlarla müqayisədə ucuz olduğu üzə çıxır. Amma Avropada adambaşına düşən ümumdaxili məhsul, büdcə vəsaiti, illik gəlirlə müqayisə etdikdə isə, təbii ki, ölkəmizdə bu tip villaların qiyməti baha başa gəlir. Yəni məsələyə bu müstəvidən yanaşdıqda, baha olduğunu görürük. Azərbaycanda adambaşına düşən gəlirlərin heç də hamısı leqallaşmayıb. Qeyri-rəsmi olaraq adambaşına düşən gəlirlər rəsmi gəlirdən iki və ya daha çox həddə artıq ola bilər. Yəni qiymətlər insanların əlindəki pul kütləsinin həcminə uyğun şəkildə formalaşır. İnsanların əlində 5 manat varsa, əmlak isə 50 manatadırsa, təbii ki, onu heç kim almayacaq. İnsanların əlində reallıqda, o pul var ki, villaların qiyməri də həmin qiymətə satılır. Bazar bu prinsiplə, tələb, təkliflə işləyir".

Bu günlərdə isə yayılan məlumata görə, Bakıda 16 milyonmanata (20 milyon 397 min 756 ABŞdolları) ev satılır. Avropa otelinin yanında yerləşən villanın ümumi sahəsi 1400 kvadratmetr təşkil edir. Bu cür saraya sahib olmaq istəyən şəxs nə az, nə çox düz 16 milyon manat ödəməli olacaq. Qeyd edək ki, bu qiymətdən də aşağı, yəni 10 milyon ABŞ dollarına Braziliyaya məxsus İlha Das Pacas adlı adanı almaq mümkündür. Adanın sahəsi 1400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir.