TQDK-dan unikal yenilik

10 İyun 2014 14:11 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yeni elektron xidmətləri "Elektron hökumət" portalına əlavə olunub. "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın "Şagird-məzun sistemi"ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması", "Vətəndaşların TQDK-nın rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması" və "Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi" xidmətləri portal üzərindən təqdim olunacaq. Rabitə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə. birinci xidmət əsas və ya tam orta təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərin məlumat bazalarının dəqiqləşdirilməsi üçün nəzərdə tutulub. İkinci qeyd olunan xidmət vasitəsilə vətəndaşların komissiya rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn qeydiyyatının aparılması həyata keçirilir. Sonuncu xidmət isə orta təhsil müəssisələrinin buraxılış və ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən şəxslərə imtahan buraxılış vərəqələrinin internet vasitəsilə onlayn rejimdə verilməsini əhatə edir.