Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

10 İyun 2014 15:36 (UTC+04:00)

Sessiyanın gündəliyinə 26 məsələ daxil edilib

Milli Məclisin növbədənkənar xüsusi sessiyası iyun ayının 20-də keçiriləcək. 


Bu barədə Anspress-ə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. 


O bildirib ki, növbədənkənar sessiyanın gündəliyinə 26 məsələ daxildir: "Gündəlikdə olan məsələlərin əksəriyəti qanunlarda dəyişikliklərdən ibarətdir. Bura "Vergi Məcəlləsi haqqında", "Bələdiyyələrin fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Banklar haqqında" və s. qanunlara əlavələr və dəyişiklər edilməsini nəzərdə tutan qanun layihələri aiddir". 


Akif Təvəkküloğlu qeyd edib ki, bununla yanaşı "Beynəlxalq xüsusi hüquq üzrə Haaqa konfransının Nizamnaməsi"nin təsdiqi də Milli Məclisin gündəliyinə daxil edilib. 


Eyni zamanda gündəlikdə "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş"in təsdiqi də yer alıb.