Aqrar sektorda dərinləşən sığorta problemi

11 İyun 2014 08:41 (UTC+04:00)

Kənd təsərrüfaıt sahəsində sığorta ilə bağlı ciddi problemlərin hökm sürməsi danılmaz həqiqətdir. Daha doğrusu bu sahədə sığora şirkətlərinin fəaliyyəti elə də hiss olunmur. Əvəzində isə təbii fəlakət və digər hadisələr zamanı kəndli, frmer zərərə düşsə də, bu zərərin əvəzi ödənmir. Sığorta şirkətlərinin kənd təsərrüfatı sahəsində fəaliyyətinin genişlənməsi üçün stimullaşdırıcı addımlar, maarifləndirici tədbirlər isə öz nəticəsini verməyib.

Elə bu səbəbdəndir ki, bu gün ölkəmizdə kənd təsərrüfatının cəmi 0,6 faizi sığortalanıb.

Belə vəziyyət müvafiq rəsmi dairələri də narahat edir. Elə bu səbəbdəndir ki, vəziyyətdən çıxış yolu kimi bu sahədə fərqli bir siyasət həyata keçrilməsinə qərar verilib. Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bu xüsusda bildirir ki, Azərbaycanda kənd təsərrüfatının sığortalanması məcburi xarakter daşımayacaq. Onun sözlərinə görə, aqrar sığortadan qeyri-müəyyənlik həddindən çox olduğu və baş verə biləcək hadisələri proqnozlaşdırmaq çətin olduğu üçün sığorta şirkətləri fermerlərlə işləməyə elə də maraq göstərmirlər. Vəziyyətdən çıxış yolu aqrar sığortaya dair ümumi fondun yaradılması ola bilər ki, hazırda bu məsələ müzakirə obyektidir: "Yəni, sığorta şirkətləri agent kimi işləsinlər, dəyən ziyanın ödənilməsini isə həmin fond həyata keçirsin".

Hazırda Azərbaycanda suvarılan torpaq sahələri 1 milyon 400 min hektar ərazini əhatə edir. Ölkə ərazisində 862 min ailə təsərrüfatı olsa da, onların cüzi hissəsi öz təsərrüfat sahələrini sığortalayıb. Çünki fermer təsərrüfatlarının rəhbər kollektivləri arasında əvvəllər maariflənmə işinin aparılmaması və ya təbliğatın aşağı səviyyədə olması sözügedən təsərrüfat sahələrinin sığortalanma prosesinin tam başa çatdırılmasına maneçiliklər törədir. Ekspertlərin qənaətincə, aqrar sektor riskli sahə hesab olunduğundan, həm kreditləşmə, həm də sığortalanma baxımından problemlidir. Demək olar ki, sığorta şirkətləri kənd təsərrüfatı məhsullarının sığortalanmasına az maraq göstərirlər. Halbuki, ABŞ və əksər Avropa ölkələrində nəinki fermer sahələri, hətta bütövlükdə proses, məhsulun satış qiyməti belə sığortalanır. Mütəxəssislər bildirirlər ki, bu gün aqrar sektorun sığortalanmasına çox böyük ehtiyac var. Çünki kənd təsərrüfatı böyük risklər daşıyır və təbiətdən ciddi şəkildə asılıdır. Bu mənada qeyd deilən sahədə sığortanın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Ekspert araşdırmalarına görə, sığorta sisteminin işləməməsi səbəbindən banklar da aqrar sahəyə kredit ayırmaqda maraqlı deyillər. Halbuki, bu gün fermerlərin kredit resurslarına çox böyük ehtiyacı var ki, həm özləri gəlir götürsün, həm də bazarda bolluq yaransın. Kənd təsərrüfatını inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, dünyada kənd təsərrüfatının kreditləşməsinə çox böyük həssaslıqla yanaşırlar. Burada da sığorta böyük rol oynayır. Sığorta mexanizmi ondan ibarətdir ki, məhsulun becərilməsi prosesində hansısa təbii hadisə baş verərsə, banklara pulu kredit götürən fermerin əvəzinə sığorta şirkətləri ödəyir. Özü də inkişaf etmiş ölkələrdə təkcə məhsulun yox, eyni zamanda prosesin özü sığortalanır. Hətta məhsulun qiyməti də sığortalanır ki, qiymət aşağı düşərsə, həmin kəsir sığorta şirkətləri tərəfindən ödənilsin. Bütün bunların Azərbaycanda da tətbiqi zəruri əhəmiyyət kəsb edir. Bu sahədə qanunvericilik bazasını da güclənməsiən ehtiyac var. Ekspertlər hesab edir ki, qanunda hüquq və vəzifələrin konkret müəyyən edilməsi sığortalı ilə sığortaçı arasındakı narazılığın aradan qaldırılması ilə nəticələnə bilər. Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyev "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalayıb. Burada xüsusi toxunulan məqamlardan biri də kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsi və bu sahədə prosedurların sadələşdirilməsi ilə bağlıdır. Gözlənir ki, bu sahədə yaxın tezlikdə müvafiq addımlar atılacaq. İndilikdə isə aqrar sektorda sığortanın inkişafına nail olmaq üçün prosedurların sayının azaldılması ilə yanaşı, sığorta ödənişlərində dövlətin payının artırılması, fermerlərin maarifləndirilməsinin həyata keçirilməsi və eyni zamanda bu sahədəki qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var. Real vəziyyət ondan ibarətdir ki, bu gün Azərbaycanda aqrar sığorta ilə məşğul olan sığorta şirkəti azdır. Məhz bu səbəbdən aqrar sığortaya dair ümumi fondun yaradılması zərurətə çevrilir və bu prosedurun sürətləndirilməsiən ehtiyac var.