Şahdəniz-2 qazının qərbə ixracı üzrə iki layihədən biri seçiləcək

3 İyul 2012 11:54 (UTC+04:00)

Şahdəniz-2 konsorsiumu Türkiyə sərhədindən Qərbi Avropaya qaz daşınmasında üstünlüyü Nabucco-West kəmərinə verib. Ona rəqib olan BP-nin təklif etdiyi SEEP (Cənub-şərqi Avropa Boru Kəməri) kəməri nəzərdən keçirilməyəcək. Beləliklə indi seçim İtaliyaya yönlənəcək TAP və Nabucco-West arasında ediləcək.

BP və Statoil şirkətlərinin liderliyi altında Şahdəniz yatağının ikinci fazası üzrə konsorsium 2013-cü ilədək yekun qərarını elan etməlidir ki, boru kəmərinin inşasına başlanılsın.

BP qərardan "məmnundur"

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti qərarla bağlı məmnunluq duyduğunu bildirib.

"Nabukko Uest variantının bizim əvvəlki seçimimiz olan Trans-Adriatik Boru Kəməri (TAP) ilə yanaşı seçilməsini elan etməkdən məmnunluq duyuruq. Bu, Şahdəniz Mərhələ 2 layihəsinin işlənməsi və qaz ehtiyatlarının Xəzərdən Avropaya nəql edilməsi yönümündə daha bir vacib addımdır", - Rəşid Cavanşirdən Turan agentlyində iqtibas gətirilir.

2012-ci ilin əvvəlində Şahdəniz qazının ixracı ilə bağlı təklifləri dəyərləndirən konsorsium mavi yanacağın nəqlində İtaliyaya istiqamət alacaq TAP layihəsinə üstünlük verərək Klikləyin BBC-nin məlumatına görə, İTGİ boru kəməri layihəsindən imtina edib. 

Mayın 26-da Azərbycanla Türkiyə 7 milyard dollar dəyərində  TANAP kəmərinin inşasını nəzərdə tutan saziş imzalayıblar.

TANAP vasitəsilə ildə 16 milyard kubmetr qazın ixracı nəzərdə tutulur. Bu həcmin 6 milyardı Türkiyəyə - yerdə qalanı isə Avropaya ötürülməlidir.

Xəzər dənizindəki yataqdan ilk qazın hasilatı 2017-ci ildə başlanılacaq.