Çökən banklarla bağlı açıqlama
11 İyun 2014 18:47 (UTC+04:00)
Mərkəzi Bank bank sistemində depozitlərin həcminin
azalması və zərərlə işləyən bankların sayının artması ilə əlaqədar
son dövrlər kütləvi informasiya vasitələrində yayılan məlumatlara
reaksiya verib.
Mərkəzi Bankın Kommunikasiya departamentindən ANS
PRESS-ə verilən məlumata görə, depozitlərin dinamikası iqtisadi
tsikldən, mövsümi amillər və digər səbəblərdən asılı olaraq
əmanətçilərin fərdi davranışındakı dəyişiklikdən
təsirlənir.
Bu ilin aprel ayı ərzində depozitlərin həcmində
müşahidə olunmuş azalma sistem xarakteri daşımayıb və may ayında
bankların depozitlərinin həcmi bərpa olunub, aprel ayındakı
azalmanı üstələyib.
Bütövlükdə isə, son on ildə depozitlərin həcmi
orta illik 40%, 2013-cü ildə 25%, bu ilin beş ayında 5%
artıb.
Zərərlə işləyən bankların sayının artımı isə,
bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti
tətbiq etməsi ilə bağlı olub. Bu bankların maliyyə dayanıqlığına,
onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır. Qeyd
edilən göstəricilər bankların ilk beş aydakı fəaliyyətinin
nəticəsidir.
Bir daha bildiririk ki, bank sisteminin maliyyə
dayanıqlığı göstəriciləri stabildir, likvidlik mövqeyi yüksəkdir,
kapitallaşma səviyyəsi adekvatdır.