İraqdan Azərbaycana qaçqın axını başlana bilər

12 İyun 2014 08:26 (UTC+04:00)

Dünyanın xüsusi diqqət mərkəzində yer alan hadisələrdən biri də İraqda yaşanan dəhşət və faciədir. Bağdadın 350 kiolmetrliyində yerləşən Mosulun "İraq-Şam İslam Dövləti" (İŞİD) tərəfindən ələ keçrilməsi bölgədə yeni humanitar fəlakətə yol açmaqdadır. İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. İŞİD silahlıları isə Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər. Silahlılar eyni zamanda, bölgədə bir neçə televiziya binasını da tutublar.

Rəsmilər qrupun yerli həbsxanalardan birindən 1400 nəfəri azadlığa buraxdığını bildiriblər. Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar səfərbərlik elan edib. Maliki həmçinin, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib. İraq parlamentinin spikeri Usama Əl-Nucayfi yaraqlıların Mosulu ələ keçirməsini fəlakət adlandırıb.

Mosulun ələ keçirilməsi İraq hökumətinin "Əl-Qaidə" ilə əlaqəsi olan "İraq-Şam İslam Dövləti" qrupu tərəfindən artmaqda olan zorakılıqların qarşısını alınması səylərinə yeni böyük zərbə kimi qiymətləndirilir. Bu ilin əvvəli qrup Fəllucə şəhərini ələ keçirib. Hökumətin aylarla davam edən döyüşlərə baxmayaraq, şəhərin nəzarətini qaytarmaq səyləri baş tutmayıb.

Hazırda 2 milyona yaxın əhalisi olan Mosuldan 500 mindən çox dinc sakin qaçıb. On minlərlə qaçqın Kürdüstan muxtar vilayətinin ərazisində onlar üçün salınmış çadır şəhərciklərində yerləşdirilib. Kürd muxtariyyətinin baş naziri Neçrivan Bərzani BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığından təcili yardım xahiş edib. Xəbərlərə görə, Mosuldan dinc əhali ilə yanaşı şəhər rəhbərliyi, hətta ordu birləşmələri də qaçır. Bu fakt sakinləri xüsusilə şoka salıb.

Polis və ordu mənbələri bildirir ki, hökumət bölmələri sünni yaraqlılarla son döyüşlərdəki məğlubiyyətdən ruhdan düşüblər və şəhəri döyüşsüz tərk edirlər. "Röyter"ə danışan zabitlərdən biri deyib ki, Mosula hücum edən yaraqlılara qalib gəlmək praktiki olaraq mümkün deyil: "Onlar küçə döyüşləri üçün yaxşı hazırlıq keçiblər. Bizə bütöv ordu lazımdır ki, onları Mosuldan qovaq. Onlar xəyalət kimidir, qəfildən peyda olur, zərbə endirir və bir neçə saniyə içində yoxa çıxırlar". Mosul şəhəri İraqın şimalında bir neçə aydır ki, sünni yaraqlılarının nəzarətində olan Naynava əyalətində yerləşir. Son bir neçə gündə gedən döyüşlərdə yüzlərlə insan öldürülüb.

Xatırladaq ki, İraqda sünni yaraqlılarının Bağdaddakı şiə hökumətinə qarşı revanşı ötən ilin dekabrından başlayıb. Suriyadakı qanlı vətəndaş müharibəsində yaxşı döyüş təcrübəsi qazanmış İŞİD yaraqlıları ölkənin sünni əyalətlərindən olan və Suriya ilə sərhəddə yerləşən əl-Anbar bölgəsini tutublar.

Xəbərlərə görə, Mosulda möhkəmlənəndən sonra İŞİD yaraqlıları hücumlarını davam etdirməyə və yeni ərazilər tutmağa hazırlaşırlar. Onların hədəfində əhalisinin əksəriyyəti türkmənlər olan neftlə zəngin Kərkük şəhəri də var. Xatırladaq ki, Mosul və Kərkükdə 3 milyondan artıq türk mənşəli insan yaşayır, onların sırasında azəri türkləri də var. Kərkük özü hazırda kürd muxtariyyətinin nəzarətindədir. Lakin analitiklərin qənaətinə görə, Bərzaninin ordusu Suriya döyüşlərində kifayət qədər təcrübə qazanmış İŞİD yaraqlılar qarşısında uzun müddət tab gətirə bilməz. Bu isə İraqda humanitar faciənin miqyasının yenidən böyüməsi demək olacaq. İstisna edilmir ki, baş verənlər İraqdan qonşu ölkələrə, o cümlədən də Türkiyəyə yeni qaçqın axınının başlanmasına gətirib çıxaracaq. Enyi zamanda tarixi bağlılıq fonunda İraq türkmənlərinin Azərbaycana da gəlişi mümkün sayılır. Xatırladaq ki, 2003-cü ilin hərbi əməliyyatalır zamanı da İraqdan Azərbaycana qaçqınlar gəlmişdi. İndi də analoji hadisələrin baş verməsi mümkün sayılır.

İraqda 10 ildən çox davam edən müharibəni faktiki olaraq uduzaraq öz qoşunlarını bu ölkədən çəkən ABŞ isə baş verənləri bütün region üçün təhlükə adlandırıb. ABŞ dövlət katibi Con Kerri İŞİD-in Mosula hücumunu qınayıb və şəhərdəki vəziyyətin çox ciddi olduğunu bildirib. O, eyni zamanda, terrorçulara tutarlı cavab verilməsinin tərəfdarı olduqlarını qeyd edib və bildirib ki, ABŞ bu istiqamətdə hər cür yardımını əsirgəməyəcək. Dövlət Departamentinin rəsmisi Ceyn Psaki bildirib ki, ABŞ İraq hökumətinə yaraqlıları Mosuldan çıxarmaq üçün kömək göstərəcək.

Bu arada isə Türkiyənin Mosul və Kərkükə olan hüquqları yenidən gündəmə gəlib. Xatırladaq ki, 1926-cı ildə İstanbulda imzalanan müqavilə əsasında Türkiyə ordusu Mosul və Kərkükü tərk etmişdi. Ancaq müqaviləyə əsasən, bu iki şəhərə təhlükə yaranacağı təqdirdə Türkiyə ordusu İraqa daxil ola bilər.

Hazırda İŞİD Mosulu işğal etdiyi üçün Türkiyənin 1926-cı il İstanbul müqaviləsindən istifadə edərək, ordusunu İraqa yeritmək məsələsi gündəmə gəlib. Həmçinin, İraq Baş naziri Malikinin başda Avropa Birliyi olmaqla, dünya ölkələrinə təcili kömək üçün çağırış etməsi də Türkiyənin Mosul və Kərkükü qorumasını qaçılmaz edir.

İŞİD isə yoxsul sünni əhalidən döyüşçü yığır, biznesmenlərdən vergi toplayır. Mərkəzi hökumət ordu və polisdəki məzhəb tarazlığını yaratmaq üçün sünnilərə 3 minlik yer acıb. Amma yalnız 50 nəfər müraciət etdi. Bunun səbəbi isə İŞİD qorxusudur. Analitiklərin qənaətinə görə, çox keçmədən İraq da Suriya kimi qanlı məzhəb müharibəsinin getdiyi ölkəyə çevriləcək. Bu isə bütün bölgə üçün ciddi təhdid deməkdir.