Yolu zibilləyənlər…

12 İyun 2014 10:59 (UTC+04:00)

Demək olar ki, hər birimizin bu və ya digər şəkildə yolların təmizliyindən şikayətləndiyimiz hallar çox olur. Lakin nəzərə almalıyıq ki, şikayət etdiyimiz vəziyyəti yaradan məhz özümüzük. Demək olar ki, çox az insan sürücü mədəniyyəti anlayışını tam olaraq dərk edib buna əməl edir. Bəzi  sürücülər isə avtomobili idarə edərkən içdiyi şirənin qabını, çəkdiyi siqaretin qutusunu və kötüyünü. Digər bu qəbildən olan əşyanı maşının pəncərəsindən elə birbaşa yola  atır. Bəzən isə bunu sürücünün yanınla əyləşən sərnişin edir. Nəticədə ortaya xoş olmayan görüntü çıxır. 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsilə sürücülər, 153-cü maddəsilə isə sərnişinlər ətrafı zibilləməyə görə məsuliyyət daşıyırlar. Qanunvericiliyə görə, belə hadisə baş verərsə sürücülər 40 manat, sərnişinlər isə 30 manat dəyərində cərimə olunacaqlar. 

Lakin reallıq göstərir ki, cərimə problemin həlli ola bilmir. 

Müstəqil Memarlar Assosiasiyasının (MMA) prezidenti Zemfira Budaqova deyir ki, bu mədəniyyət insanlarda uşaq yaşlarından formalaşdırılmalıdır: "Kim uşaq yaşlarından natəmizliyə meyl edibsə,  böyüyəndə də eyni hərəkəti edəcək. Ona görə də maarifləndirmə işləri ilk növbədə ailədə, sonra məktəbdə aparılmalıdır. Bir sıra xarici ölkələrdə insanlar bilirlər ki, ərtafa atdıqları hər zibilə görə cərimə ödəyəcəklər. Ona görə də bu işə yol vermirlər. Bizdə də cərimələr var. Sadəcə olaraq, insanlar arasında məlumatlandırma işləri aparılmalıdır. İnsanlar bilməlidirlər ki, yerə zibil atsalar, onları filan qədər cərimə gözləyir". 

Memar eyni zamanda şəhərdə zibil qablarının sayca az olmasından da şikayətləndi: "Bundan əlavə, vacib məsələlərdən biri odur ki, şəhərdə kifayət qədər zibil qabları yerləşdirilməyib. Zibil qablarının arasında kilometrlərlə məsafə var. Yol kənarlarında da zibil qabları qoyulsa, sürücü də əlindəki zibili yola yox, maşını saxlayıb zibil qabına atar. Bundan əlavə, bizdə zibil qablarının görünüşünə daha çox diqqət edirlər. Xarici ölkələrdə isə, hər zibil qabına xüsusi salafanlar yerləşdilir ki, ora hətta siqaret kötüyü atanda belə yanmır, lazım olanda o salafanları dəyişirlər, zibil qabı da təmiz qalır. Bizdə də görünüş əvəzinə bu cür gigiyenik tərəflər önə çəkilsəydi, daha yararlı olardı".  Avtomobillərdən atılan zibillərin çoxluğu küçə süpürənlərin də ciddi narazlığı ilə qarşılanır. Onların da ən böyük istəklərindən biri təmizlik ənənələrinin qorunub saxlanmasıdır. Axı həqiqətən, Bakı, eləcə də ölkənin digər yerlərində təmizlik, səliqə-sahman ənənələri həmişə xüsusi diqqət çəkib. İndinin özünədə də buna xüsusi diqqət yterilir. Lakin bu ənənədən belə görünür, hələ də xəbəri olmayanlar var. Hesab edilir ki, bu sahədə maarifləndirmə işlərinin də genişləndirilməsinə, cəzaların daha da sərtləşdirilməsinə ehtiyac var.