Sağlamlıq imkanları məhdud uşaqlara şad xəbər
12 İyun 2014 16:06 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Azərbaycanda əlilliyi
olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların təhsilində
elektron təhsil texnologiyalarının tətbiqi genişləndiriləcək.
Həmçinin abilitasiya və reabilitasiya imkanlarını dəstəkləyən
köməkçi texnologiyaların və qurğuların istifadəsinin təşviq
edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi
planlaşdırılır. Eyni zamanda əlilliyi
olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sərbəst
hərəkətini asanlaşdıran keyfiyyətli vasitələrlə, qurğularla təmin
olunması nəzərdə tutulur. Brayl əlifbasını, alternativ şriftləri,
surdo tərcüməni bilən peşəkar kadrların hazırlanması və təhsil
müəssisələrinə cəlb edilməsi də önə çəkiləcək. Jest dilinin və
alternativ ünsiyyət üsullarının və ünsiyyətin bütün digər
mümkün metod və formalarının tətbiqinin genişləndirilməsi
sahəsində tədbirlərin həyata keçirilməsi də diqqətdə
olmalıdır.
Bu təkliflər Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin (ƏƏSMN) hazırladığı "Əlilliyi olan şəxslərin
hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nda yer
alıb. Hələlik layihə şəklində olan
proqram 2014-2018-ci illəri əhatə edəcək. Proqramın başlıca məqsədi
əlilliyi olan şəxslərin cəmiyyətin tam hüquqlu və bərabər üzvləri
olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması,
ayrı-seçkilikdən müdafiə olunmasıdır.