Aparılan son araşdırmalar göstərir ki, son 7 il ərzində ölkədə yerli siqaret istehsalı 2 dəfə azalıb. Digər tərəfdən isə idxal elə bu qədər artıb. Bu, onun göstəricisidir ki, yerli istehsal idxala uduzur. Ekspertlər mövcud vəziyyəti şərtləndirən səbəblər haqda Movqe.az-a münasibət bildiriblər.
Kənd Təsərrüfatı üzrə
mütəxəsssis Vahid Məhərrəmov deyib ki, bu gün Azərbaycanda
tütünçülüyün tədricən sıradan çıxmasına səbəb bu sahəyə maraq
göstərilməməsidir: "Əvvəllər bir sıra beynəlxalq qurumlar, xüsusən
Avropa Bankı bu sahəyə kredit ayrılmasını hökümət üçün məhdudiyyət
qoymuşdu. Biz indi onun nəticəsini yaşayırıq. Bu sahəni yenidən
inkişaf etdirmək üçün bura investisiya cəlb olunmalıdır. Xüsusən
daxili imkanlar hesabına bunu həyata keçirmək lazımdır. Eyni
zamanda bu sahənin inkişafı üçün çalışmaq lazımdır ki, istehsal
olunan tütün məmulatları daxili bazarda tələb olunsun. Tütün elə
bir məhsuldur ki, onu birbaşa bazara çıxarıb satmaq mümkün deyil.
Bunu yalnız emal müəssisəsi almalıdır. Emal müəssisələri maraqlı
olmalıdır ki, tütün istehsalı artsın. Burada çalışan
sahibkarları tütün istehsalına maraqlı etmək lazımdır. Onlar
bölgələrdə fermerlərlə görüşməlidir, onlarla müqavilə bağlamalıdır,
onların istehsal etdiyi məhsulu qəbul etməlidirlər. Çalışılmalıdır
ki, tütün məhsullarının istehsalı genişləndirilsin, məhsuldarlıq
artsın. Belə olarsa, bu sahə nisbətən genişlənər. Əks halda idxal
artdıqca, ölkəyə ucuz qiymətə məhsullar gətirildikcə, istehsal geri
qalacaq. Bu gün biz həmin mənzərəni görürük".
Ərzaq Təhlükəsizliyi
Alyansının əlaqələndiricisi, kənd təsərrüfatı üzrə ekspert
Nizami Qarayev də bu sahədə dövlət dəstəyinin vacibliyini
vurğuladı: "Bu gün Azərbaycanda tütünçülüyün inkişafıyla bağlı
xüsusi dövlət proqramı yoxdur. Yaxşı olardı, bu sahədə dövlət
proqramı qəbul olunsun ki, tütünçülüyün inkişafına dəstək verilsin.
Eyni zamanda Sahibkarlara Kömək Milli Fondu yaxşı olar ki,
Azərbaycanda tütünçülüyün inkişafına dəstək versin, bu sahəyə
maliyyə ayırsın. Gərək yerli tütünçülük üçün xammalın istehsalına
dəstək verilsin ki, bu sahədə işlər görülsün".
Xatırladaq ki, Azərbaycan 1996-cı ildə tütünçülük sahəsində özəlləşdirmə həyata keçirib. Hazırda bu sahə ilə özəl sektor məşğuldur. Bir daha qeyd edək ki, Sovet dönəmində kifayət qədər tütün əkilib tədarük olunurdu. Məlumat üçün bildirək ki, Azərbaycanda ən pik dövrdə illik olaraq 53 min ton tütün istehsal olunurdu. Tütünün yetişdirilməsi, yığılması və qurudulması kimi bütün digər prosedurlar xüsusi ailə təsərrüfatında həyata keçirilirdi. Bu da onu göstərir ki, Sovet dövründə Azərbaycanda tütünçülük bir növ fermer təsərrüfatı idi. Tütün istehsalı yüksək rentabelliyə malik olduğuna görə, sonradan onun istehsalı Şəki-Zaqatala zonasından başqa Lerik-Yardımlı, eyni zamanda ölkənin qərbinə kimi genişləndirildi. Bu gün də tütünçülüyü kənd təsərrüfatı istehsalçıları üçün əlavə gəlir mənbəyi hesab etmək olar. Lakin yerli istehsal hələ istənilən səviyyədə deyil.