İmtahan başladı

13 İyun 2014 13:57 (UTC+04:00)

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın bir sıra şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən  Movqe.az-a verilən xəbərə görə, imtahanlar Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənddə ümumilikdə 84 imtahan mərkəzində aparılacaq. Bu gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər. İmtahanlarda ümumilikdə 47547 şagirdin imtahan verəcəyi gözlənilir. Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 192 imtahan rəhbəri, 2579 nəzarətçi-müəllim ayrılıb. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.