Bakıda uşaqların pulsuz müayinəsi həyata keçirilir

13 İyun 2014 15:09 (UTC+04:00)

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında aztəminatlı ailələrin anadangəlmə ürək qüsuru olan uşaqları üçün pulsuz aksiya keçirilir. Movqe.az xəbər verir ki, 1 həftə ərzində anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqlar pulsuz müayinə, müalicə və əməliyyat olunub. MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov jurnalistlərə açıqlamasında deyib ki, Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə son illərdə vaxtaşırı "Uşaq həftəsi" proqramları həyata keçirilir. Onun sözlərinə görə, bu dəfə "Uşaq həftəsi"ndə yerli və xarici mütəxəssislərin iştirakı ilə 20-yə yaxın uşaq üzərində çox mürəkkəb əməliyyat sayıla biləcək anadangəlmə ürək qüsuru əməliyyatı aparılıb: "Əməliyyatlara Azərbaycanda rezidentura təhsili alan gənc həkimlər və gənc mütəxəssislər cəlb olunub. Məqsəd isə onlara dünyadakı tibbi yenilikləri çatdıra bilmək və təcrübələrini artırmaqdır. Həftə ərzində aztəminatlı ailələrlə yanaşı 60-dan çox anadangəlmə mürəkkəb ürək qüsurundan əziyyət çəkən uşaqların da müayinə və müalicələri təşkil olunub".

 R.Mahmudov bildirib ki, Azərbaycanda bu əməliyyatlar vaxtaşırı və davamlı şəkildə bir çox mərkəzdə aparılır. Onun sözlərinə görə, aztəminatlı ailələrin uşaqların əməliyyatlarının pulsuz təşkili M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində uzun müddətdir davam edir: "Bizim mərkəzdə də bu işlər həyata keçirilir. Qeyd edim ki, son 6 ay ərzində iki mərkəzdə 150-200-ə yaxın anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqlar üzərində açıq ürək əməliyyatları həyata keçirilib".