Bakı Almaniya avtobuslarında
14 İyun 2014 11:00 (UTC+04:00)
"Bakı-2015" ilk Avropa Oyunlarına bir il qalması
ilə bağlı geriyə sayım kampaniyasına Almaniyada yaşayan
azərbaycanlılar da öz töhfəsini verib. Movqe.az Azərtac-a istinadn
xəbər verir ki, Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən
Alm.Az Cəmiyyətinin təşəbbüsü ilə iyunun 12-dən başlayaraq Drezden
şəhərinin ictimai nəqliyyat vasitələrində birinci Avropa Oyunlarına
həsr olunmuş videoçarx nümayiş etdirilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən
məlumata görə, gün ərzində 40-50 dəfə olmaqla 3 gün göstəriləcək və
minlərlə sərnişinin görə biləcəyi videoçarxda Azərbaycanın, Bakının
göz oxşayan görüntüləri, tarixi, mədəniyyəti, eləcə də oyunlara
hazırlıq məqsədilə görülmüş işlər öz əksini tapıb. Alm.Az
Cəmiyyətinin sədri Ağahüseyn Babayev bildirib ki, 55 saniyəlik
videoçarxın hər ayın eyni günlərində 3 gün ərzində Drezdenin
ictimai nəqliyyat vasitələrindəki monitorlarda nümayişi nəzərdə
tutulur. Videoçarxın yayılmasında məqsəd birinci Avropa Oyunları
öncəsi möhtəşəm idman yarışına ev sahibliyi edəcək Azərbaycanın
beynəlxalq aləmdə turizm potensialının, iqtisadiyyatının və zəngin
mədəni irsinin təbliğ olunmasıdır.
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci il
iyunun 12-dən 28-dək keçiriləcəkdir. Bu oyunlar idmanın 19 növünü
əhatə edəcəkdir. Onlardan 16-sı Olimpiya idman növü, 3-ü
qeyri-olimpiya idman növüdür.