Türklər Hollivud ulduzu ilə “soyqırımını” səhnələşdirir
14 İyun 2014 14:00 (UTC+04:00)
Türkiyə 1915-ci il hadisələrinin 100-cü ildönümü
ərəfəsində ciddi bir addım atmaq qərarına
gəlib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, baş
rolda məşhur Hollivud ulduzu Keyt Uinsletin iştirak edəcəyi "Hole
In My Soul" ("Ruhumdakı boşluq") filmində erməni hadisələri
səhnələşdiriləcək.
Filmdə ermənilərlə birlikdə türklərlə kürdlərin
yaşadığı faciələrə diqqət çəkiləcək. Filmin mövzusu birinci dünya
müharibəsinın çətin vaxtlarında yaşanan bir eşq hekayəsidir. Eşq
hekayəsinin aktyorlarından biri erməni tibb bacısıdır. Erməni tibb
bacısı rolunu Oskar mükafatı laureatı, "Titanik" filmindən Rouz
obrazı ilə tanıdığımız aktrisa Keyt Uinslet canlandıracaq. Filmdə
Uinslet ilə bərabər Hollivudun başqa bir ulduzu, aktyor Mark
Volberq rol alacaq.
Filmdə Türk, Kürd, erməni və digər etnik qrupların
dinclik və dostluq içində yaşadıqlarından bəhs ediləcək. Lakin
müharibənin o dincliyi necə pozduğuna, cəmiyyətə bərabərsizlik və
döyüşlər meydana gətirdiyinə diqqət çəkiləcək və onların
dərdlərinin ortaq olması vurğulanacaq.
Erməni hadisələrinin 100-cü ildönümündə
yayımlanması gözlənilən filmin hekayəsi Vanda reallaşacaq. Hollivud
şirkətlərindən biri tərəfindən çəkilən filmin çəkilişlərinin bir
hissəsi isə Akdamar adasında, Ağrı və Ərzurumda baş tutacaq.