Bu gün Ümumdünya Qan Donoru Günüdür
14 İyun 2014 14:05 (UTC+04:00)
2005-ci ilin mayında Ümumdünya Səhiyyə
Təşkilatının Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən
bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya
Qan Donoru Günü kimi keçirilməsi qərara
alınıb.
Ümumdünya Qan Donoru Günü bütün dünyada qeyd
olunaraq, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qırmızı Xaç və
Qızıl Aypara Cəmiyyəti, bir sıra digər təşkilat və qurumlar
tərəfindən dəstəklənir. Bütün dünyada təhlükəsiz donor qanına
ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz
könüllü təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun
komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş
zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları
və digərlərini ölümdən xilas etməyə kömək
edir.
Ölkəmizdə yayılmış hemofiliya və talassemiya
xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının
istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına
tələbatı artırır.
Səhiyyə Nazirliyinin "2011-2015-ci illər üçün
qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına
dair Tədbirlər Proqramının həyata keçirilməsi" və "Qan xidməti
müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin
təkmilləşdirilməsi" barədə əmrləri donor qanına tələbatın
ödənilməsinə yönəldilib. Lakin donorluğun inkişafı üçün tək Səhiyyə
Nazirliyi deyil, müxtəlif hökumət və qeyri-hökumət qurumları,
görkəmli xadimlər, Kütləvi İnformasiya Vasitələri öz töhfəsini
verməlidir.
14 iyunun Beynəlxalq Donor Günü kimi qeyd
edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və
ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və
zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb
etməkdir.