Tovuzun cəbhəyani kəndlərində içməli su
təchizatını yaxşılaşdırmaq üçün kokret addımlar
atılıb.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki,
indəyədək Tovuzun cəbhə xəttində yerləşən Əlibəyli, Hacıalılı və
Mülkülü kəndlərində su təchizatı sistemi olmayıb. 3 kənddə yaşayan
5 min 500-ə yaxın sakin içməli su tələbatını bulaqlardan su
daşımaqla ödəyirdi. Bundan sonra isə kənd sakinləri fasiləsiz və
təmiz su sarıdan əziyyət çəkməyəcək. "Azərsu"nun icra etdiyi
layihəyə əsasən adları çəkilən kəndlərə su xəttləri çəkiləcək.
Əlibəyli kəndində yeni çəkilmiş su təchizatı sistemi istifadəyə
verildi.
"Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin
direktoru Etibar Məmmədovun sözlərinə görə, düşmənlə sərhəddə
yerləşən Əlibəyli yaxınlığından subartezian quyusu qazılıb: "Quyu
zonasında nasos stansiyası, transformator məntəqəsi və gözətçi
otağı da yaradılıb. Hər birinin tutumu 100 kubmetr olan 2 su anbarı
inşa edilib. 100 mm diametrli polad borularla 1.7 km uzunluğunda
anbarlararası su xətti çəkilib. Bunun da nəticəsində 1000 nəfər
ailənin su təchizatı yaxşılaşdırılıb".
Kənd ərazisində içməli su relyef baxımından daha
yüksək ərazidə yerləşən anbarlardan özüaxımlı rejimdə verilir.
Kənddə müxtəlif yerlərdə 20 su bulağı quraşdırılıb. Məlumata görə,
işlərin davamı olaraq, Hacıalılı və Mülkülü kəndlərində də su
təchizatı sistemi yaradılacaq və subartezian quyuları qazılacaq. 2
ədəd su anbarı və nasos stansiyasının da tikilməsi planlaşdırılır.
Gələcəkdə hər 3 kənddə supaylayıcı şəbəkə yaradılacaq ki, bunun da
hesabına 1120 ev təsərrüfatına birləşmə verilə
biləcək.