Beynəlxalq təşkilatdan Ermənistana iqtisadi sanksiya tələbi

15 İyun 2014 20:11 (UTC+04:00)
"Ermənistan işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurduğu maddi ziyanın təzminatını ödəməlidir, çünkü bunu ondan beynəlxalq hüquq normaları tələb edir".

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Xanhüseyin Kazımlı Belarusun Brest şəhərində keçirilən "Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası"nın 13-cü beynəlxalq konfransında çıxışı zamanı deyib.

Milli Məclisin deputatı Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə heyətinin üzvlərini işğalçılıq siyasətindən əl çəkməyən Ermənistana qarşı iqtisadi sanksiya tətbiq etməyə səsləyib. Xanhüseyn Kazımlının fikrinə dəstək verən Moldova nümayəndə heyətinin rəhbəri Dmitri Tereburka həmkarlarına düzgün qərar verməyin vacib olduğunu xatırladıb: "Azərbaycan Avrasiya məkanında işğaldan əziyyət çəkən ölkələr sırasındadır. Bu baxımdan işğal altında olan Dağlıq Qarabağ ve ətraf rayonlara dəyən ziyanın hesablanması və bununla bağlı Ermənistanın təzminat ödəməsi beynəlxalq hüquq normalarına əsasən tələb olunmalıdır".

3 gün davam edən beynəlxalq konfransın ilk günündə Azərbaycan və Moldova tərəfindən irəli sürülmüş işğalçı ölkələrə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi layihəsi geniş müzakirə olunaraq quruma üzv olan ölkələrin səs çoxluğu ilə qəbul olunub. Bu baxımdan Ermənistanın işğalçılıq siyasətinə görə Azərbaycana vurduğu ziyanın təzminatını ödəməsi məsələsi beynəlxalq təşkilatın hüquqi sənədinə daxil edilib.

Qeyd edək ki, 9 ölkədən 60 nəfər peşəkar mütəxəssis və ekspertlərin iştirak etdiyi beynəlxalq konfransa Milli Məclisin deputatı Xanhüseyin Kazımlı sədrlik edir. Konfransda MDB və Avrasiya məkanında baş verən müharibə, terror, münaqişə və təbii fəlakət zamanı zərər çəkən ölkələrə dəyən maddi ziyanın hesablanması, beynəlxalq hüquq normalarına əsasən terror və işğalçı ölkələr tərəfindən zərər çəkən tərəfə təzminatların ödənilməsi, onlara qarşı iqtisadi sanksyaların tətbiq olunması mexanizminin öyrənilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Konfransda Avrasiya Qiymətləndiricilər Konqresinin baş direktoru Nikolay Trifonov, Moldova nümayəndə heyətinin rəhbəri Dmitri Tereburka, Gürcüstan, Qazaxistan, Rusiya, Belarus və digər ölkələrin mütəxəssisləri çıxış edərək Beynəlxalq Avrasiya Qiymətləndiricilər Konqresinin fəaliyyətinin gücləndirilməsinin vacibliyindən danışıblar. 

Avrasiya məkanında işğala və terrora məruz qalan ölkələrə dəyən maddi ziyanın birgə hesablanması və aqressiv mövqe nümayiş etdirən tərəfə cəza sanksiyalarının tətbiq edilməsi üçün beynəlxalq komissiya yaradılmasının zəruriliyini vurğulayıblar. Tədbir iştirakçılarının diqqətini Ermənistan silahlı qüvvlərinin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə yönəldən Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə heyətinin üzvü, millət vəkili Xanhüseyn Kazımlı bununla bağlı Azərbaycan respublikasının prezidenti İlham Əliyevin göstərişinə və Azərbaycan hökumətinin sərəncamına əsasən ölkəmizə dəyən ziyanın hesablanması üçün işçi qrupunun yaradıldığını və ilkin hesablamalara görə bu ziyanın 100 milyardlarla ABŞ dolları həcmində olduğunu nəzərə çatdırıb.

Beynəlxalq Konfrans öz işini iyunun 15-də yekunlaşdıracaq.