Mosuldan qaçanlar Ərbilə yerləşdirilir
15 İyun 2014 22:01 (UTC+04:00)
İraqda "İraq Şam İslam Dövləti"nin silahlıları
Mosul şəhərini ələ keçirdikdən sonra şəhəri tərk edən sakinlər
Ərbil şəhəri ilə sərhəddə qurulan çadır düşərgəsində
məskunlaşıblar. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
Peşmərgə kürd birlikləri tərəfindən formalaşdırılan
nəzarət-buraxılış məntəqələrinə gələn mosullular burada
qeydiyyatdan keçdikdən sonra çadırlarda yerləşdirilir. Onlara ilkin
humanitar yardım paylanılıb.
Qaçqın düşənlər İraq əsgərlərini Mosul şəhərini
İŞİD-ə heç bir müqavimət göstərmədən buraxıb qaçmaqda ittiham
ediblər. "Hamısı qaçıb getdi. Kiçik bir qrup şəhəri böyük bir
ordunun əlindən aldı. Burada oynanılan oyunları dərk edirik.
Evimizdən didərgin düşdük. Pərişan vəziyyətdəyik" - Mosuldan qaçqın
düşən sakinlərdən biri belə deyir.
Bu arada, Mosul şəhərində İŞİD silahlıları
tərəfindən türk vətəndaşı olan TIR sürücülərinin qaçırılması
hadisəsi bölgədəki digər TIR sürücülərinin narahatlığına səbəb
olub. Türk vətəndaşı olan sürücülər qorxu içində işlədiklərini,
lakin işləməyə məcbur olduqlarını bildirirlər. Sürücülər İraq
hökumətindən onların təhlükəsizliyinin təmin edilməsini tələb
edirlər.